Yuxarı

Nazir: Azərbaycan gənclərinin təşəbbüsü ilə aqrar sektorun inkişafı istiqamətində könüllülük hərəkatı başlayıb

Bakı. 23 fevral. REPORT.AZ/ "Bu gün Azərbaycan davamlı inkişaf edən təhlükəsiz ölkələr sırasında yer alıb. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına xüsusi diqqəti sayəsində respublikamızda aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhsuldarlığın artırılması, təsərrüfatçıların rifahının yaxşılaşdırılması, ətraf mühitin qorunması və sosial hüquqların təminatı aparılan aqrar islahatların əsas istiqamətlərindəndir".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Parisdə “Kənd yerlərində gənclər üçün perspektivlər haqqında nazirlər seminarı”ndakı çıxışında söyləyib.

Nazir bildirib ki, qloballaşan dünyada hər hansı bir sahəni innovasiyalarsız təsəvvür etmək mümkün deyil: "Kənd təsərrüfatı sektorunda nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək əsas məqsədimizdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ən vacib çağırışlardandır. İqlim dəyişikliyi, qlobal istiləşmə və quraqlıq ildən-ilə aqrar məhsulların istehsalını çətinləşdirir. Ətraf mühitin müdafiəsi, torpaq və su mənbələrinin səmərəli istifadəsi aqrar sektorda aktual məsələlərdəndir. Bu istiqamətlərdə tərəfdaş ölkələrlə əməkdaşlığın qurulması çox vacibdir".

Kənd təsərrüfatının inkişafında gənclərin rolunu xüsusi qeyd edən nazir, aqrar sahədə gənc kadrların yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb. “Kənd təsərrüfatında innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən vacib vasitələrdən biridir. Gənclərin innovasiyalara meyilli olması onları bu sektorla maraqlanmağa sövq edəcək. Bu baxımdan innovativ texnologiyaların, eləcə də ən yaxşı təcrübələrin bölüşdürülməsi məqsədilə sıx tərəfdaşlıq qurmalıyıq”, - deyə İ.Kərimov vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycanda gənclərin təşəbbüsü ilə aqrar sektorun inkişafı istiqamətində könüllülük hərəkatı başlayıb. Bu hərəkatın əsas məqsədi ictimaiyyətin diqqətini aqrar sektora cəlb etməkdir. İ.Kərimov bu sahədə təhsilin əhəmiyyətinə də toxunub. Həmçinin dövlət qayğısı hesabına yeni laboratoriyaların, tədqiqat mərkəzlərinin yaradılmasından, kənd yerlərində gənclərə dəstək məqsədilə beynəlxalq tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsindən danışıb.

İ.Kərimov ölkədə dövlətin aqrar sektora dəstəyindən, bu sahənin vergilərdən azad edilməsindən, subsidiyalardan, güzəştli kreditlərdən və digər güzəştlərdən də söz açıb.

Qeyd edək ki, Parisdə 56-cı Beynəlxalq Kənd Təsərrüfatı Salonu çərçivəsində Fransanın kənd təsərrüfatı və ərzaq naziri Didye Giyomun iştirakı ilə kənd təsərrüfatı nazirləri və dövlət katiblərinin rəhbərliyi ilə təxminən 40 ölkənin nümayəndələri “Kənd yerlərində gənclər üçün perspektivlər haqqında nazirlər seminarı”na qatılıb. Seminar çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əsas rolu qeyd olunub, Fransa və Avropa İttifaqının FAO rəhbərliyinə namizədi Katerin Geslen-Laneel namizədliyini təqdim edib. Bildirilib ki, bu namizədlik Fransanın FAO-ya verdiyi önəmi təcəssüm etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi