Göyçayda istixanada yetişdirilən pomidor məhsulu məhv olur - FOTO

Göyçayda istixanada yetişdirilən pomidor məhsulu məhv olur - FOTO Buna səbəb "Boz çürümə" adlı kütləvi xəstəliyin yayılmasıdır
ASK
2 May , 2016 18:48
Göyçayda istixanada yetişdirilən pomidor məhsulu məhv olur - FOTO

Bakı. 2 may. REPORT.AZ/ Göyçay rayonunda fermerlər yazlıq tərəvəz məhsullarının becərilməsi zamanı çətinliklərlə üzləşiblər. "Report"un xəbərinə görə, son günlər ərazidə yerləşən istixanalardakı pomidor şitillərində "Boz çürümə" ("Ağ çürümə") adlı kütləvi xəstəlik yayılıb. 

Yerli fermerlərin sözlərinə görə, son günlər havaların rütubətli keçməsi kəndlilərə maddi ziyan vurub. Bu isə rayonda faraş tərəvəzçilik sahəsində məhsuldarlığın çox aşağı olmasına gətirib çıxaracaq.

Xəstəlik əsasən rayonun Ləkçıplaq, Qaraxıdır, Yalman, Mırtı, Şıxbəy kəndlərində geniş yayılıb. Həmin kəndlərdə faraş tərəvəzçiliklə məşğul olan fermerlər hazırda istixanalarda olan pomidor məhsulunun inkişafdan qaldığını deyiblər. Onlar gecə-gündüz əziyyət çəkərək yetişdirdikləri məhsulun tələf olmaması üçün müxtəlif üsullardan istifadə etsələr də, hələlik bunun bir xeyri yoxdur.

Fermerlər bildirib ki, hər gün bir istixanada təqribən 100 kq-dan çox məhsul tələf olur. Acınacaqlı vəziyyət isı bu xəstəliyin dərmanının olmamasıdır.

Göyçay rayon Bitki Mühafizə İdarəsindən "Report"a verilən məlumata görə, kəndlərdə fermerlərlə görüşüb, lazimi məsləhət və tövsiyələrin veriblər. 

Qeyd edək ki, Göyçayın kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik təşkil edir. Rayonun 30-dan çox kəndində sakinlər öz fərdi həyətyanı sahələrində və pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar. Bu kəndlərdə hər həyətdə 2-3 istixana var. Sakinlər əhalinin əsas gəlir mənbəyi olan tərəvəzçiliyin bu il onlara nəinki qazanc gətirəcəyindən, hətta külli miqdarda maddi ziyan vuracağından qorxurlar.

Son xəbərlər

Orphus sistemi