Yuxarı

Fermerin məşğulluğunu və gəlirini artıran sahə... - RƏYLƏR - VİDEO

​Fermerin məşğulluğunu və gəlirini artıran sahə

Bu ilin altı ayı ərzində kənd təsərrüfatının istehsal göstəricilərində yüksək dinamika müşahidə olunur.

Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.

Onun sözlərinə görə, bu ilin altı ayı ərzində artıq 13%-lik artım qeydə alınıb: “O cümlədən, bitkiçilik məhsullarında 26%-lik artım var. Bu ayrı-ayrı məhsullar üzrə də özünü göstərir. Məsələn, meyvə istehsalı 21%, tərəvəz istehsalı 14%, bostan məhsulları isə 37%-dən çox artıb. Yəni bütün bunlar onu göstərir ki, bütün kənd təsərrüfatı məhsulları üzrə yüksək artım dinamikası mövcuddur”.

Fermerlərin məhsul satışından şikayətləri olmayıb

Şübhəsiz, bu statistik rəqəmlərin həm də mənası odur ki, bu gün fermerlər istehsal etdikləri məhsulun həcmini artırıblar: “Bu gün məhsul bolluğu var, fermerlər bazara daha çox məhsul çıxara bilirlər. Bunun da nəticəsi olaraq, altı ay ərzində ixrac göstəricilərimiz də artıb. Bu müddət ərzində kənd təsərrüfatı məhsullarının ixrac həcmi 27,9% artıb”.

F. Fikrətzadə qeyd edib ki, ancaq əsas məsələlərdən biri budur ki, məhsul bolluğu ilə yanaşı daxili bazar şərtləri də fermerlərin məhsul satışı üçün çox əlverişli olub: “Bu il fermerlərin məhsul satışından hər hansı şikayətlər müşahidə olunmayıb. Satış və qiymət şərtləri fermerlər üçün çox əlverişlidir. Bu, çox mühüm məqamdır. Bir tərəfdən kənd təsərrüfatı məhsullarının istehsal həcminin artımı önəmlidirsə, yəni fermerlərin məhsulunun bol olması və ölkənin ərzaq təhlükəsizlik göstəricisi yüksəlir. Digər məqam isə odur ki, fermerlər öz məhsullarını yaxşı şərtlərlə sata bilməsidir”.

O vurğulayıb ki, əgər biz dünya təcrübəsinə nəzər salsaq görəyəcəyik ki, dövlətin kənd təsərrüfatı siyasətinin əsas məqsədi fermerlər üçün satış və bazar şərtlərinin təmin edilməsidir: “Bu nöqteyi-nəzərdən, bu mövsüm həm də fermerlərin məhsul istehsalının bolluğu ilə yanaşı, onların satış və bazar şərtlərinin əlverişli olması da çox mühüm məqamdır. Şübhəsiz ki, əgər bazar şərtləri yaxşıdırsa, fermer yaxşı gəlir əldə edir, onun gəlir imkanları artır və bu da kənd yerlərində rifahın yüksəldilməsi, məşğulluqdan layiqli şəkildə gəlir əldə etmələri baxımından çox mühüm əhəmiyyət kəsb edir”.

Firdovsi Fikrətzadə

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə

"Kənd təsərrüfatı sektorunda biznes aktivliyin yüksəlməsi hesabına ödənişli şərtlərlə işə cəlb olunan işçilərin sayında artım müşahidə olunur".

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru deyir ki, kənd təsərrüfatında kənd yerlərində təsərrüfatda məşğulluğun iki forması məlumdur: “Onlardan biri budur ki, insanlar ailə biznesi ilə, ailə təsərrüfatı ilə məşğuldurlar. Nəticə etibarı ilə təsərrüfatdan ailə faydalanır. Digər forması isə müəyyən işlərin görülməsi üçün ödənişli şərtlərlə cəlb olunan işçilərin olmasıdır. Kənd təsərrüfatında müşahidələrimiz göstərir ki, bütövlükdə kənd təsərrüfatı sektorunda biznes aktivliyin yüksəlməsi hesabına ödənişli şərtlərlə işə cəlb olunan işçilərin sayında artım müşahidə olunur. Bu, bütün dünyada belədir. Avropada ödənişsiz şərtlərlə ailə əməyinin payı 30%-dən 70%-ə qədər dəyişir. Azərbaycanda da ödənişsiz ailə əməyinin payı təqribən 60-70% təşkil edir. Qalan hissələr isə bu və ya digər formada mövsümü şəkildə müvəqqəti olaraq ödənişli əməklərə cəlb olunurlar”.

Mərkəz direktoru müşahidələrini bölüşərək deyib ki, kənd təsərrüfatında istehsal mövsümü, məhsul yığımı dövründə ödənişli şərtlərlə işə cəlb olunma göstəriciləri xeyli yüksəlib: “Hətta bu sektor arasında rəqabət də mövcuddur. Bəzən meyvə-tərəvəz məhsullarının yığımı dövründə digər sektorlara muzdlu işçi tapmaq da çətinliklər yaranır. Bu da onu göstərir ki, artıq kənd təsərüfatında biznes aktivlik kifayət qədər yüksəlib və kənd təsərrüfatı sektoru yaxşı məşğulluq təmin etmək imkanlarına malik olub”.

Fermer evində 40 günə 3000 manat qazana bilir

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli isə “Report”a bildirib ki, Azərbaycan ənənəvi kənd təsərrüfatı ölkəsidir: “Əgər biz makroiqtisadi göstəricilərə nəzər salsaq, ölkədə 10 milyon əhalinin 47 faizi regionlarda yaşayır və məşğul əhalinin 36 faizi birbaşa kənd təsərrüfatı və ya ona bağlı olan sahələrdə daimi və ya müvəqqəti işlərdə çalışırlar. Göründüyü kimi, kənd təsərrüfatı məşğulluq prizmasından bizim üçün çox vacib məsələdir”.

Onun sözlərinə görə, son illər həyata keçirilən dövlət siyasəti nəticəsində regionlarda aqrar xidmətlərin yüksəldilməsi, kənd təsərrüfatı istehsalı fəaliyyəti ilə məşğul olmaq əhali arasında məşğulluğun artırlımasına gətirib çıxarıb: “Burada əsas təsir edən faktorlar son illər dövlət tərəfindən vaxtilə kənd təsərrüfatımızda mövcud olmuş, lakin sonradan əkin strukturunun və ya yaxud da insanların vərdişindən çıxmış bir sıra sahələrin geri qaytarılması ilə bağlı olub. Burada hökmən pambıqçılıq və baramaçılıq sahəsini qeyd etməliyik. Pambıqçılıq, üzümçülük və ümumiyyətlə texniki bitkilər kənd təsərrüfatında ən çox əmək tutumlu sahə sayılır. Elə Sovetlər dövründə də bu faktora görə maraq böyük idi və dövlət başçımız da bir neçə dəfə açıq şəkildə bildirib ki, bu cür layihələr Azərbaycanda kommersiya deyil, məhz sosial xarakter daşıyan addımlardır”.

Ekspert deyir ki, son illər pambıq sahələri 200 min hektardan çox artıb: “Sadə bir hesablama aparsaq ki, bir hektar pambıq sahəsinin becərilməsində il ərzində 200 nəfərdən çox insan işləyir, o zaman burada böyük bir məşğulluq bazasının formalaşdığını qeyd edə bilərik”.

N. Nəsirli deyir ki, bu gün regionlarda yaşayan insanlarımızın əmək vərdişləri var: “Mənim müşahidələrimə görə, onların ən çox böyük marağı elə sahələrin tapılmasıdır ki, onlar əkin yerlərində və ya öz həyatyani sahələrində çalışsınlar. Bu baxımdan, heyvandarlığın çox vacib bir sahəsi olan baramaçılığın son illər respublikamızda yayılması həyətindən, evindən çıxmadan insanların davamlı məşğulluqla məşğul olması çox ciddi təsir göstərir. Bildiyiniz kimi, baramaçılığa digər sahələrdə olduğu kimi daha yüksək subsidiya verilir. Bu gün baramanın hər kiloqramına dövlət tərəfindən 5 manat, müəssisə tərəfindən isə 4 manat subsidiya verilir. Bu gün orta hesabla evində 40 gün barama yetişdirmək bir fermerə 2 000-3 000 manat arasında vəsait qazandırır. Bunun həm rahatçılığı, həm də əmək vərdişlərinə yaxın olması insanlarımızı çox təmin edir”.

Amma bizim hələ son nöqtəyə çatmadığımızı vurğulayan ekspert bildirir ki, bu gün regionlarımızda bir sıra sahələrin tapılması və insanların əmək vərdişinə daxil olması, həm regionların iqtisadi inkişafına böyük təsir göstərə bilər: “Eyni zamanda da burada bir sıra dövlət tədbirlərinin həyata keçirilməsi çox vacib məsələdir. Məsələn, aqrar sığorta sisteminin işləməsi məşğulluğun artmasına əhəmiyyətli təsir göstərəcək. Artıq 2020-ci ildən respublika ərazisində aqrar sığorta fəaliyyətə başlayacaq. Hesab edirəm ki, 2020-ci ildən sonra kənd təsərrüfatının məşğulluq səviyyəsinin daha çox artdığının şahidi olacağıq”.

Nicat Nəsirli

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli

"Gənc əhalinin kənd təsərrüfatına cəlb olunması üçün regionlarda peşəyönümlü təhsil qurulmalı".

Onun sözlərinə görə, kənd təsərrüfatında ən vacib istiqamətlərdən biri regionlarda yaşayan əsasən gənc əhalinin və gənc insanların kənd təsərrüfatına cəlb olunmasıdır: “Bu gün bu sahədə Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL), Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsi (AFAQ) kimi bir sıra layihələr, aqrar könünlülük hərəkatının genişləndirilməsi həyata keçirilir ki, ümumilikdə kənd təsərrüfatına böyük bir marağın artmasını müşahidə edirik. Ancaq burada ən vacib istiqamətlərdən biri də o ola bilərdi ki, regionlarda peşəyönümlü təhsil qurulardı. Çünki, kənd təsərrüfatında mexanizator, baytarlıq, aqronom kimi digər işçilər var ki, onları qısa müddətdə təhsillə gənclərimizi öyrədə bilərik və onlar kənd təsərrüfatında öz məşğulluqlarını daha çox təmin edə bilərlər”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi