Dünyanın ən gözəl və üstün Qarabağ atları - REPORTAJ

Dünyanın ən gözəl və üstün Qarabağ atları - REPORTAJ Dünyada 265 cins at var ki, onun da 2-si Azərbaycandadır. Bunlardan biri Qarabağ atı, digəri isə Dilboz atıdır. Qarabağ atları isə bütün cinslərin hamısından üstündür.
ASK
15 İyul , 2019 17:55
Dünyanın ən gözəl və üstün Qarabağ atları - REPORTAJ

"Dünyada 265 cins at var ki, onun da 2-si Azərbaycandadır. Bunlardan biri Qarabağ atı, digəri isə Dilboz atıdır. Qarabağ atları isə bütün cinslərin hamısından üstündür".

Bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi press-turda "Qarabağ Atçılıq Zavodu" MMC-nin direktoru Maarif Hüseynov deyib. 

Ağcabədidə məskunlaşmış Qarabağ atları

1983-cü ildən hələ Ağdam rayonunun Eyvazxanlı kəndindəki atçılıq zavodunda direktor işləyən M.Hüseynov deyir ki, özünü tanıyandan atlara bağlıdır. Ancaq axırıncı dəfə Qarabağ atına 3 il öncə mindiyini də etiraf edib. O zamanlar ata minib sahələri gəzərdi və ya atı çapıb nə qədər məsafəni qət edə bildiyini yoxlayardı. İndi isə yaş da o yaş deyil. Hazırda atlarla bağlı savad və biliklərini ancaq onların bəslənilməsi və artırılmasına yönəldir.

Deyir ki, hazırda Ağcabədi rayonunda yerləşən müəssisə də vaxtilə Ağdam rayonunun Eyvazxanlı kəndindəki atçılıq zavodunun əsasında yaradılıb. Sonradan bu kəndin düşmən işğalına məruz qalması ilə kəndin sakinləri və atçılıq zavodunun əməkdaşları ilə bərabər Qarabağ atları da didərgin və məcburi köçkün həyatı sürməyə başlayıblar və sonda Ağcabədidə məskunlaşıblar.

M.Hüseynov deyir ki, hələ o vaxt ermənilər çalışırdılar ki, Qarabağ atını özününküləşdirsinlər. Ermənilər silahlı şəkildə bir neçə dəfə gəlib Qarabağ atlarını aparmaq istəyirdilər: “Ancaq kollektiv atları Ağdam rayonunun Üçoğlan kəndindəki quşçuluq fermasında gizlədib və ermənilər tapa bilməyiblər. Beləliklə, Qarabağ atını ermənilərə verməmişəm”.

Qarqar, Mersedes, Şan və Spiçka…

Açığını deyim ki, mən də Qarabağ atları haqqında çox eşitmişdim. Ancaq onların bir rəngdə, yəni təkcə qızılı kürən rəngində olduğunu bilmirdim. M.Hüseynov ilə söhbətimiz zamanı öyrəndim ki, Qarabağ atları qızılı kürən rəngdə olur ki, bu da insanların çox xoşuna gəlir.

Onun üstün xüsusiyyətlərindən jurnalistlərə geniş, ətraflı və həvəslə danışan direktor deyir ki, bu atların alnında qaşqası var, sahibi ilə yaxşı dostluq etmək qabiliyyəti mövcuddur.

“Onların gözəl yoldaşlıq etmək qabiliyyəti var. Sahibini heç vaxt darda qoymaz. Dağlıq yerdə çox yaxşı gəzir. Müharibə şəraitində silah-sürsatı, çörəyi istədiyin yerə aparmaq qabiliyyəti var. Xəstəliklərə olduqca dözümlüdür. Onun əsas üstünlükləri budur”, - M.Hüseynov bildirib.

Kompleks barəsində danışan direktor deyir ki, hazırda burada 245 baş Qarabağ cinsindən olan at saxlanılır. Bunun 6 başı törədicisi ayğır, 60 başı ana madyan damazlıq, 61 başı bu il alınmış bala, qalanları az və orta yaşlı dişi və erkək atlardır.

Onun sözlərinə görə, kompleksdə atlar yüksək səviyyədə saxlanılır. Buna da son illər ərzində nail olunub: "Həqiqətən də, onlar üçün burada olduqca yüksək səviyyəli şərait yaradılıb. Atların müalicə mərkəzi də var. Bildiyimiz xəstəxanadır, sadəcə, atlar üçün. Yalnız Qarabağ atları üçün… Hətta atların çimməsi üçün isti suyu olan müasir hamam da möcuddur. Qidalanmalarında da heç bir çətinlik yoxdur. Bunu kompleksdə gəzdiyimiz və yaradılan şəraitlə tanışlıq zamanı özümüz də əyani şahidi olduq. Görünür elə bu səbəbdəndir ki, bu atlar arasında heç vaxt xəstəlik olmayıb".

Bizə isə yalnız bu kompleksdəki təmizliyə və səliqəyə heyran olub, “Qarqar”, “Mersedes”, “Sevimli”, “Şan” və hətta adı “Spiçka” olan atları tumarlayıb, onlarla dostlaşmaq qalırdı...

Alman, fransız və ingilisin də Qarabağ atına gözü düşüb

M.Hüseynov deyir ki, ən ucuzunun qiyməti 2 000 manat, ən bahalısının isə 10 min manat arasında dəyişən heyvanların Avropanın inkişaf etmiş ölkələrinə ixrac edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, Sovetlər İttifaqı dövründə bu atlar Rusiyanın paytaxtı Moskvaya göndərilirdi, oradan isə xarici ölkələrə satılırdı: “Hazırda Azərbaycandan dünya bazarına at çıxarılmır, amma Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələrə ixrac nəzərdə tutulub. İldə, təxminən, 25 baş at satıla bilər.

M.Hüseynov deyir ki, burada ildə 50 baş artım olur. Atlar təbii yolla artırılır: “Almaniya, Fransa, Böyük Britaniya bizim Qarabağ atlarını almaqda maraqlıdır. Ancaq ərəblər bu atları hələ almaq barədə düşünmürlər”.

Bəzi ölkələrdə atlar qidada istifadə edildiyini bilirik. Bu atların hər hansı ölkələr tərəfindən əmtəəlik olaraq alındığını da soruşduq. Maarif müəllim dedi ki, bu atlar əmtəəlik deyil və hamısı damazlıq məqsədi ilə böyüdülür: “Yaxşı eksteryerə malik atlar, yəni bədənində və gözəlliyində qüsuru olmayan atlar seçilir və damazlıq kimi saxlanılır. Ayağında, bədənində və başqa orqanlarında qüsur olan atlar isə sürüdən əmtəliyə keçirilir. Yəni fermer təsərrüfatlarına iş atı kimi satılır.

Bu kompleksdə olan atların yaşlarına gəldikdə, M.Hüseynov bildirib ki, ən qoca atın 30 yaşı var: “Ən cavanları isə 2019-cu ildə doğulanlardır. Ümumiyyətlə, Qarabağ atları 30 ildən bir az çox ömür sürürlər”.

Bunu deyəndən sonra ağlımdan, sadəcə, bir fikir keçdi. 1993-cü ildə doğulan və Ağdamın işğalı ilə məcburi olaraq müxtəlif rayonlarda, sonradan isə Ağcabədidə Atçılıq Kompleksində məskunlaşan Qarabağ atının bu gün artıq 26 yaşı var. Onların neçəsi də məcburi köçkün kimi Qarabağ həsrəti ilə ömür sürüb, vaxtı çatanda həyatına son qoyublar. Vaxt azdır, atların ömürləri də azdır. Qarabağ isə hələ də düşmən tapdağındadır…

Salatın Əsgərova və Elçin Quliyevin at sevgisi

Press-tur zamanı jurnalistlərlə söhbət edən M.Hüseynov bir əhvalatı da xatırladı. Dedi ki, mərhum jurnalist Salatın Əsgərova da atları çox sevirdi. Xatırladı ki, Sovetlər İttifaqının vaxtında Salatın xanım Ağdam Atçılıq Zavoduna tez-tez gələrdi. Hər dəfə o gələndə atlar onun tərəfə oynaya-oynaya qaçardılar. Çünki görürdülər ki, mərhum jurnalist atları sevir, onları sığallayır, tumarlayır.

İndi də Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev bu kompleksə tez-tez gəlir. E.Quliyev həm Azərbaycan Atçılıq Federasiyasının prezidentidir. M.Hüseynov deyir ki, general bütün varlığı ilə Qarabağ Atçılıq Komleksi üçün zəhmət çəkir: “Bu il neçə ədəd gözəl eksteryerə malik at göndərib bizim üçün. 1000- 1500 metr məsafəni 1 dəqiqədən bir az artıq vaxta qət edən atları göndərib ki, Qarabağ atlarının nəslini artırmaq üçün bu atlardan istifadə edilsin. Qarabağ atı yüksək səviyyədə xaricdə təmsil olunsun”.

Hətta M.Hüseynov deyir ki, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti üçün atları da Qarabağ Atçılıq Kompleksindən verilib: “Azərbaycanda və dünyanın harasında və hansı ölkəsində olursa-olsun, ora Qarabağ atını Ağdamın Atçılıq Zavodu verib. Çünki Qarabağ atı yeganə bir zavodda yetişdirilib”.

Bağa baxarsan, bağ olar…

Atlardan ayrılmaq bizim üçün çətin olsa da, media-turumuza davam etməliydik. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi press-tur zamanı jurnalistlər Tərtər rayonunun Xoruzlu kəndində salınmış intensiv bağçılıq təsərrüfatına da baxış keçirdi. 

Jurnalistləri intensiv bağçılıq təsərrüfatı ilə tanış edən təsərrüfatın rəhbəri Elçin Maqsudov ilk əvvəl jurnalistləri burada yetişdirilən meyvələrdən dadmağa təklif etdi. Şəhərdən gələn jurnalistlərdə bağda yetişdirilən meyvələri elə ağacdan dərib dadına baxa-baxa suallarını yağdırdılar.

"İntensiv bağçılıq minimum ərazidən maksimum məhsul götürməkdir: “Burada dünya təcrübəsindən istifadə edilir. İntensiv bağçılıq təsərrüfatının ümumi sahəsi 130 hektardır. Bunun 70 hektarı yalnız bu il salınıb. Burada armud, şaftalı, nektarin, gavalı, gilas, badam bağları salınıb. Bu intensiv bağçılıq təsərrüfatında “Quarra” sortu olan badam, “Vanderfull” sortu olan nar əkilib”, - E.Maqsudov sözünə başladı. 

Bağçılıq təsərrüfatının rəhbəri onu da dedi ki, intensiv bağçılıq təsərrüfatında aqronomlar İspaniya və Türkiyədən dəvət edilib: “Məhsullar hələlik birinci ildir ki ancaq yerli bazarda satışı həyata keçirilib. Ancaq yaxın gələcəkdə və ya növbəti ildə xarici bazara da çıxarılması nəzərdə tutulub. Əsas potensial bazar isə Rusiya bazarı olacaq. İntensiv bağçılıq təsərrüfatına Azərbaycan Qida Təhlükəsizliyi və yerli Dövlət Aqrar İnkişaf Mərkəzi nəzarət edir. Meyvələrin becərilməsində istifadə edilən dərmanlar ancaq dövlət qurumlarının məsləhəti ilə alınmış dərmanlardır və hər biri sertifikata malikdir. Digər dərmanlardan istifadə edilmir”.

Direktorun sözlərinə görə, layihənin ümumi dəyəri 5,3 mln. manat təşkil edir: “Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə 1,6 mln. manat dövlətin güzəştli kreditlərindən yararlanmışıq. Bu vəsaitin də böyük hissəsi texnikaların, traktorların və dərmansəpən aparatların alınmasına sərf edilib”.

Sonda Elçin bəy etiraf etdi ki, onların satdığı məhsulların qiymətləri həm alıcılar, həm də təsərrüfat üçün münasib olur. Bu bağçılıq təsərrüfatında isə elə Xoruzlu kəndindən olan sakinlər işləyirlər. Bəzən də bir ailədən 2-3 nəfər burada çalışır. Kənd yeri üçün elə kəndindən ayrılmadan çox yaxşı maaş alırlar. 

Atalar düz deyib ki, bağa baxarsan bağ olar, baxmarsansa… Məhz bu təsərrüfatı gəzdikdən sonra bizim bazardan baha qiymətə aldığımızı düşündüyümüz meyvələrin hansı və nə qədər insanın əziyyətləri ilə başa gəldiyini anlamaq olur. Fermerin əziyyətini duymaq mümkündür. 

Son xəbərlər

Orphus sistemi