Azərbaycanda zəncəfil bahalaşdı

Azərbaycanda zəncəfil bahalaşdı Dünyada və Azərbaycanda koronavirusun (COVID -19) yayılmasından sonra bu pandemiyadan qorunmaq üçün Azərbaycanda sarımsaqdan sonra zəncəfilə kəskin tələbat artıb. Hazırda ölkədə zəncəfilin 1 kq-nın satış qiyməti 20-50 manat civarında dəyişir.
ASK
29 Mart , 2020 12:20
Azərbaycanda zəncəfil bahalaşdı

Dünyada və Azərbaycanda koronavirusun (COVID -19) yayılmasından sonra bu pandemiyadan qorunmaq üçün Azərbaycanda sarımsaqdan sonra zəncəfilə kəskin tələbat artıb. Hazırda ölkədə zəncəfilin 1 kq-nın satış qiyməti 20-50 manat civarında dəyişir. 

“Report” bir sıra mağazalarda araşdırma aparıb və məlum olub ki, hazırda “Araz”, "Bazarstore", “Al Market” və “Oba” supermarket şəbəkələrində zəncəfil satılmır. 

Şəhərin bir sıra kiçik ərzaq mağazalarında isə deyilir ki, dünən zəncəfilin 1 kq satış qiyməti 15 manata olub və bu gün qiyməti arta bilər. Çünki hazırda ölkədə zəncəfilin pərakəndə satış qiymətinin artdığı vurğulanır. 

Qeyd edək ki, ötən həftə ölkənin bir sıra mağazalarında 1 kq zəncəfilin satış qiyməti 9-11 manat arası dəyişirdi.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə zəncəfilin koronavirusa qarşı müsbət təsirinin olması məsələsinə aydınlıq gətirib.

O “Report”a açıqlamasında bildirib ki, nə sarımsağın, nə soğanın, nə də zəncəfilin bu virusa qarşı müalicəvi təsiri yoxdur.

C.İsayev qeyd edib ki, adlarını sadaladığı məhsullar sadəcə insan orqanizminin immun sisteminin güclənməsinə kömək edir: “Zəncəfilin, sarımsağın, soğanın tərkibində çoxlu mikroelementlər, müxtəlif bioloji aktiv maddələr var. Bu kimi məhsulların koronavirusa qarşı təsirinin olması ancaq tədqiqat işinin nəticəsidir. Bu gün də həmin təsir barədə heç bir məlumat yoxdur”.

Mütəxəssis immun sisteminin güclü olması üçün zəncəfilli çay içməyi tövsiyə edir: “Mən özüm də zəncəfilli çay içirəm. Keçi buynuzunun, kəklikotunun dəmləməsi də xeyirlidir. Gün ərzində 2-3 dəfə bu dəmləmələrdən içmək məqsədəuyğundur”.

Son xəbərlər

Orphus sistemi