​Dövlət Fitosanitar Nəzarəti Xidmətinin 4 əməkdaşı işdən çıxarılıb

​Dövlət Fitosanitar Nəzarəti Xidmətinin 4 əməkdaşı işdən çıxarılıb Kənd Təsərrüfatı Nazirliyində kollegiya iclası keçirilib
ASK
15 Avqust , 2016 16:32
​Dövlət Fitosanitar Nəzarəti Xidmətinin 4 əməkdaşı işdən çıxarılıb

Bakı. 15 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində (KTN) qurumun Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) 2016-cı ilin birinci yarısındakı fəalliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. 

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, nazir Heydər Əsədovun iştirakı ilə baş tutan iclasda DFNX-nin ayrı-ayrı qurumlarının fəaliyyətində yol verilmiş nöqsanlar geniş müzakirə olunub. Qeyd edilib ki, Bakı-Abşeron, Gəncə, Xaçmaz, Kürdəmir, Yevlax, Tovuz, Biləsuvar rayonlararası bitkilərin karantini məntəqələri fitosanitar tədbirlərinin aparılmasında ciddi nöqsanlara yol verib, karantin nəzarətində olan yüklərə fitosanitar karantin baxışının keçirilməsi qaydaları pozulub. Məntəqələrin rəhbərləri nöqsanları vaxtında aradan qaldırmayıb, mənşəyi məlum olmayan kənd təsərrüfatı məhsullarının tranzitinə, eləcə də ölkə daxilində dövriyyəsinə məqsədyönlü şəkildə şərait yaradıb. Hətta bəzi hallarda sahibkarlara kömək adı ilə ayrı-ayrı işbazlarla əlbir olaraq onların qeyri-qanuni fəaliyyətlərinə də şərait yaratmağa cəhdlər göstərilib.

İclasda deyilib ki, Ağdam, Ağstafa, Ağcabədi, Ağdaş, Qazax, Bərdə, Goranboy, Lerik, Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qəbələ, Siyəzən və Şəmkir rayonlarında bitki mühafizəsi tədbirlərinin və fitosanitar nəzarətin səviyyəsi aşağı olub. Bitki mühafizə mərkəzləri tərəfindən siçanabənzər gəmiricilərə qarşı uçot və müşahidə işlərinin müəyyən edilmiş metodikaya uyğun aparılmaması, zərərvericinin populyasiyası barədə dəqiq və vaxtında məlumatın verilməməsi, habelə mübarizə üsullarının düzgün təşkil edilməməsi tədbirlərin səmərəliliyini azaldıb. Göstərilən rayonlarda xarab olmuş və əhalinin sağlamlığına təhlükə yarada bilən kənd təsərrüfatı məhsullarının aşkar edilib zərərsizləşdirilməsi sahəsində də təsirli tədbirlər görülmür.

Kollegiyanın qərarı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə Bakı-Abşeron rayonlararası bitkilərin karantini məntəqəsinin müdiri və əmək funksiyalarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə həmin məntəqənin 3 nəfər aparıcı müfəttişi vəzifələrindən azad edilib, 6 nəfər rayonlararası bitkilərin karantini məntəqəsinin müdirinə və 3 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə töhmət verilib, 10 nəfər rayon bitki mühafizə mərkəzinin rəisinə isə xəbərdarlıq edilib. Kollegiyada həmçinin DFNX-nin strukturunun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi