Dövlət Aqrar Universiteti üç fermer təsərrüfatı ilə müqavilə imzalayıb

Dövlət Aqrar Universiteti üç fermer təsərrüfatı ilə müqavilə imzalayıb Fermerlər təsərrüfatlarında tələbələr təcrübə keçə biləcəklər
ASK
8 Aprel , 2016 15:30
Dövlət Aqrar Universiteti üç fermer təsərrüfatı ilə müqavilə imzalayıb

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində Gəncə və ətraf bölgələrdən olan fermerlərlə təhsil müəssisənin professor, müəllim və tələbə heyətinin görüşü keçirilib. "Report" xəbər verir ki, toplantının əsas məqsədi fermerlərə yaxından kömək göstərmək, nəzəriyyə ilə təcrübənin fermer təsərrüfatlarına tətbiqini təmin etmək olub.

Görüşdə 8 rayondan 40-dan artıq fermer iştirak edib. Toplantıdan əvvəl fermerlər Universitetin tədris bazası ilə tanış olublar, ayrı-ayrı laborotoriyaların iş fəaliyyəti barədə geniş məlumat əldə ediblər. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov bildirib ki, bu gün aqrar elmin qarşısında çox ciddi məsələlər durur. 

"Ən vacib olanı isə nəzəriyyə ilə təcrübənin vəhdətidir. Bunun üçün də təbii ki, tələbə sahələrdə olmalı, öyrəndiklərini əkinçilikdə və heyvandarlıqda tətbiq etməlidir. Bu zaman həm tələbə mükəmməl kadr kimi formalaşar, həm də təsərrüfat sahibi qazanar. Bu cür görüşlərin ayda ən azı iki dəfə keçirilməsi məqsədəuyğundur", - deyə İ.Cəfərov bildirib.

Görüşün sonunda 3 fermer təsərrüfatı ilə müqavilə imzalanıb, tərəflər götürülən öhdəliklərə razılığını bildirib və fermer təsərrüfatlarından Universitetin bazası kimi istifadə olunması, tələbələrin orada təcrübə keçməsi razılaşdırılıb. Müqavilə imzalanan təsərrüfatlarda istixana şəraitində xiyar, çiyələk, eləcə də üzüm, paxlalı və dənli bitkilər yetişdirilir.

Son xəbərlər

Orphus sistemi