Yuxarı

"Dövlət Aqrar Ticarət Şirkəti" Bakıda daha bir mağazasını açıb

"Dövlət Aqrar Ticarət Şirkəti" Bakıda daha bir mağazasını açıb

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC həyata keçirdiyi “Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakıda daha bir mağazasını açıb. 

"Report" Nazirliyə istinadən xəbər verir ki, yeni satış mərkəzi Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 23/24 ünvanında (Əhmədli qəsəbəsinin yaxınlığında) vətəndaşların istifadəsinə verilib.

Açılış mərasiminə qatılan qonaqlar, fermer assosiasiyalarının nümayəndələri və yerli qida istehsalçıları paytaxtın daha bir nöqtəsində “Kənddən Şəhərə” satış mərkəzinin istifadəyə verilməsini yüksək qiymətləndirib, paytaxtın bu bölgəsində yaşayan insanların təmiz və keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətini qeyd ediblər.

"Dövlət Aqrar Ticarət Şirkəti"nin direktoru Leyla Məmmədova mərasimə toplaşan qonaqları salamlayaraq “Kənddən Şəhərə” layihəsinə qoşulduqları üçün yerli fermer və qida istehsalçılarına təşəkkür edib: “Kənddən Şəhərə” artıq bir brendə, markaya çevrilib. Layihə çərçivəsində istifadəyə verilən ilk satış mərkəzimiz Bakının Səbail rayonu, Nizami küçəsi, 154B ünvanında fəaliyyət göstərir. Burada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı və yerli qida istehsalçılarının məhsullarını əldə edə bilir. Eyni keyfiyyətdə məhsulları bu ərazidə yaşayan vətəndaşlarımızın daha rahat əldə edə bilməsi üçün artıq “Kənddən Şəhərə”nin Əhmədli filialını istifadəyə verdik. Düşünürəm ki, ilin sonuna qədər paytaxtın daha bir neçə nöqtəsində yeni satış mərkəzləri açılacaq və bu mərkəzlər paytaxtın daha çox əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını qarşılayacaq. Bütövlükdə “Kənddən Şəhərə” satış mərkəzlərinin istifadəyə verilməsi Strateji Yol Xəritəsindən irəli gələn tələblərə xidmət edir.”

“Kənddən Şəhərə” layihəsi çərçivəsində paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil edilib. Bundan başqa, fermerlərin yetişdirdiyi məhsulların “Kənddən Şəhərə” adı altında qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları vətəndaşlarımız həm “Kənddən Şəhərə” satış mərkəzlərindən, həm də müxtəlif market şəbəkələrindən əldə edə biləcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi