​Daşkəsəndə sahibkarlara güzəştli kreditlər verilib

​Daşkəsəndə sahibkarlara güzəştli kreditlər verilib Kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, kartofçuluq, arıçılıq kimi sahələrin inkişafına yönəldiləcək
ASK
23 İyul , 2015 19:27
​Daşkəsəndə sahibkarlara güzəştli kreditlər verilib

Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Daşkəsən rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “Report”a verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, Daşkəsəndə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

150-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Daşkəsən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet hesab olunan cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının, meyvə emalı və qablaşdırılması, çörək, şirniyyat məhsulları, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində 3300-ə yaxın sahibkara 113 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5450-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 198 mln. manatdan çox güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, tikinti materiallları istehsalı müəssisələrinin, istixana, intensiv bağçılıq təsərrüfatlarının yaradılması kimi. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 24 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Daşkəsən və ətraf rayonlardan olan 55 sahibkara 747 min manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, kartofçuluq, arıçılıq kimi sahələrin inkişafına yönəldiləcək.

Forum çərçivəsində Daşkəsən rayonunun Quşçu qəsəbəsində illik istehsal gücü 1000 ton olan ət kəsimi müəssisəsinin fəaliyyətinə baxış keçirilib. Müəssisəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 655 min manat kredit verilib. Hazırda müəssisədə 45 nəfər işləyir.

Son xəbərlər

Orphus sistemi