Yuxarı

Çin şirkəti "AS Group Investment"in layihəsinə 140 mln. dollar cəlb edəcək

Çin şirkəti "AS Group Investment"in layihəsinə 140 mln. dollar cəlb edəcək 2837

Bakı. 7 fevral. REPORT.AZ/ Pekində (Çin) Azərbaycanın “AS Group Investment” və “China CAMC Engineering Co., Ltd.” (CAMCE) şirkətləri arasında “Abşeron Aqro Park” layihəsinin reallaşdırılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

“Report”un “AS Group Investment”ə istinadən verdiyi xəbərə görə, müqaviləyə əsasən, CAMCE “Abşeron Aqro Park” layihəsinə 140 mln. ABŞ dolları məbləğində vəsait cəlb edəcək.

Əməkdaşlıq müqaviləsini “AS Group Investment”in təsisçisi Şahin Mövsümov və CAMCE-nin prezidenti xanım Luo Yan imzalayıblar. Tərəflər Çin, Qazaxstan, Azərbaycan, Gürcstan və Türkiyə nümayəndələrinin iştirakı ilə Pekində keçirilən "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu" mövzusunda beynəlxalq konfransda bir araya gəliblər.

Ş.Mövsümov səfər çərçivəsində həmçinin, CAMCE-nin daxil olduğu Çinin nəhəng dövlət şirkətlər qrupundan biri olan “China National Machinery Industry Corporation Ltd.”-nin (SINOMACH) vitse-prezidenti Lyu Jin Jenq (Liu Jin Zheng) ilə də görüş keçirərək qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparıb.

"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən layihədir. Onun ərazisinin 150 hektarlıq hissəsində istixana kompleksinin fəaliyyəti nəzərdə tutulur və artıq təxminən 10 hektar ərazisində istixanalar istifadəyə verilib. Burada pomidor və çiyələk istehsalatına başlanılıb. İstixanalar ən son müasir texnologiyalarla təhciz olunub. "Abşeron Aqro Park"ın tam fəaliyyəti zamanı 3 500 nəfərədək şəxs işlə təmin ediləcək.

“Hövsan qəsəbəsində yetişdirilən meyvə və tərəvəz yerli bazara ünvanlanmaqla yanaşı, həmçinin MDB ölkələrinə, Fars körfəzi ölkələrinə və Avropaya ixracı nəzərdə tutulur. Bununla da dövlət başçısının iqtisadiyyatın prioriteti olaraq müəyyən etdiyi qeyri-neft sektorunun inkişafı və bu sahədə ixrac həcminin artımına, o cümlədən “Made in Azerbaijan” brendinin tanınmasına qatqı verilir”, - deyə məlumatda qeyd edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi