Bərdədə Kənd İnvestisiya Layihəsi çərçivəsində istixana yaradılıb

Bərdədə Kənd İnvestisiya Layihəsi çərçivəsində istixana yaradılıb Bakı. 13 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi əhalinin məşğulluğunu təmin etmək və gəlirlərini artırmaq məqsədi ilə icma əsaslı istixana layihəsinin icrasına başlayıb.
ASK
13 Noyabr , 2018 09:28
Bərdədə Kənd İnvestisiya Layihəsi çərçivəsində istixana yaradılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi əhalinin məşğulluğunu təmin etmək və gəlirlərini artırmaq məqsədi ilə icma əsaslı istixana layihəsinin icrasına başlayıb. 

"Report" bu barədə nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, layihə qurum yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində Bərdə rayonunun Yeni Daşkənd kəndində yaradılan istixana istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Kənd İnvestisiya Layihəsinin həyata keçirildiyi kəndlərin bələdiyyə sədrləri və sakinlər iştirak ediblər.

Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, istixana layihəsi geniş icma yığıncağında icma üzvləri tərəfindən təhlil nəticəsində müəyyən edilərək seçilib. Bu layihə icma üzvləri tərəfindən idarə edilir və əldə olunan gəlir üzvlər arasında bölünəcək. Müəssisədə 6 nəfər icma üzvü daimi, 9 nəfər isə mövsümi işlərə cəlb olunacaq. Burada tərəvəz məhsullarının istehsalı üzrə təkmil təsərrüfat təcrübəsi həyata keçiriləcək, damcı suvarma sistemi, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktiki tədbirlər tətbiq ediləcək.

Məlumat verilib ki, istixana 40 sot sahədə yaradılıb. Əkinəyararlı örtülü qruntun sahəsi isə 25 sotdur. Oktyabr ayından başlayaraq istixanada 9 min ədəd pomidor şitili əkilib. Fevral ayından may ayının sonuna kimi məhsul satışının aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi ölkədə ən geniş əhatəli və uzunmüddətli layihələrdəndir. Bütün ölkəni əhatə edən layihə 2005-ci ildən fəaliyyət göstərir və onun II mərhələsi başa çatmaq üzrədir. Bu layihə çərçivəsində indiyə qədər 2 200 müxtəlif istiqamətli kiçik icma əsaslı layihələr icra olunub. 

Son xəbərlər

Orphus sistemi