Bakıda mənşəyi məlum olmayan 5 ton mal əti basdırılıb - FOTO

Bakıda mənşəyi məlum olmayan 5 ton mal əti basdırılıb - FOTO Heyvan ətində bakterioloji çirklənmə, salmonella və bağırsaq çöpü xəstəlik törədiciləri aşkarlanıb
ASK
3 Dekabr , 2015 16:51
Bakıda mənşəyi məlum olmayan 5 ton mal əti basdırılıb - FOTO

Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəklərinin Respublika Baytarlıq Laboratoriyasında müayinəsinin nəticələri açıqlanıb. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən "Report"a daxil olan xəbərə görə, nümunələrdə bakterioloji çirklənmə, salmonella və bağırsaq çöpü (escherichia coli) xəstəlik törədiciləri müəyyən olunub. Biokimyəvi müayinə nəticəsində isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvanların ətləri olduğu müəyyən edilib.

Aparılan müayinələrin nəticəsinə əsasən, qida üçün yararsız olduğundan və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyindən satış məqsədilə gətirilən 5 tona yaxın ətin zərərsizləşdirilməsinə qərar verilib.

Bu qərara uyğun olaraq dekabrın 3-də həmin ətlər yükü gətirən “Mercedes” markalı 99-CP-289 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü, KİV və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək başdırılıb.

Xatırladaq ki, noyabrın 30-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mercedes” markalı yük avtomaşını saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi