Yuxarı

“Azərsun Holdinq”: Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq

“Azərsun Holdinq”: Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq

“Azərsun Holdinq” MMC-nin nəzdində çalışan bütün istehsal müəssisələri, qida təminat zənciri, koronavirus infeksiyası ilə əlaqədar yaranmış vəziyyətdə fəaliyyətlərini tam qüvvə ilə davam etdirirlər”. 

Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə rəhbərliyinin və Ümumdünya Səhiyyə Təşkilatının bütün tələb və tövsiyələrinə ən yüksək səviyyədə riayət olunmaqla fəaliyyətin bütün sahələrində dezinfeksiya və profilaktika tədbirləri keçirilir: “İnsan sağlamlığını ən ali dəyər hesab edən şirkətlər qrupu dünyada və Azərbaycanda tüğyan edən virusla mübarizə şəraitində bütün qüvvələri ilə səfərbərdir. 28 illik fəaliyyəti ilə ölkəmizin və xalqımızın bir parçasına çevrilmiş “Azərsun”un fəaliyyətə bütün qüvvəsi ilə davam etməsi qida sektorunda stabilliyin tam təmin olunması və heç bir ərzaq qıtlğının yaranmamasına şərait yaradacaq.

Yaşlı əməkdaşların evdən çalışmasına şərait yaradan şirkətlər qrupunda ofis və istehsalatda işləyən digər insanların sağlamlığının təmini və iş prosesinin davamlılığı üçün bütün zəruri addımlar atılır. Bütün müəssisələrin girişində daxil olan şəxslərin sağlamlığının yoxlanılması üçün zəruri avadanlıqlar quraşdırılıb, əməkdaşlar qoruyucu maska, əlcək və digər zəruri vasitələrlə təmin edilir. Müəssisə daxili məkanlar mütəmadi olaraq dezinfeksiya edilir. Daxil olan bütün nəqliyyat vasitələri dezinfeksiya edildikdən sonra içəri buraxılır. Bundan əlavə müəssisə daxilində 24 saat fasiləsiz olaraq tibb məntəqələri fəaliyyət göstərir, burada hər hansısa əməkdaşın səhhəti ilə bağlı narahatlığı yaranarsa, məsələyə həkimlər tərəfindən dərhal müdaxilə edilə bilər.

Xalqımızın sağlamlığı hər şeydən önəmlidir. Çünki sağlam xalq, həm də güclü dövlətin təməlidir. Əhalinin sağlamlığını hər şeydən öndə tutan “Azərsun Holdinq” də daim işinə bu prinsiplə yanaşır. Bu məsələdə şirkətlər qrupu öz məsuliyyətini yaxşı dərk edir, virusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə qoşulur, rəhbər və işçi heyəti ilə səfərbər olaraq təhlükəsizliyi təmin etmək üçün əzm göstərir. “Azərsun Holdinq” əminliklə bildirir ki, hər zaman olduğu kimi bundan sonra da yarana biləcək istənilən vəziyyətdə əhalini davamlı olaraq sağlam, ekoloji təmiz qida ilə təmin edəcək”, - açıqlamada qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi