Yuxarı
    Bağlamaq

    Azərbaycanda pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına 22,5 mln. manat subsidiya veriləcək

    Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində, nazir müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

    “Report” Nazirliyə istinadən xəbər verir ki, iclasda İ.Quliyev qeyd edib ki, ölkə Prezidentinin “Pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 22 sentyabr 2016-cı il tarixli, “Tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 5 oktyabr 2016-cı il tarixli və “Şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” 4 aprel 2017-ci il tarixli sərəncamları pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub.

    Onun sözlərinə görə, ikinci ildir ki, istehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat, quru tütünün hər kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat, bu ildən başlayaraq isə şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya verilir.

    Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 15 389 istehsalçıya təhvil verdikləri 207,2 min ton xam pambığa görə 20 719,3 min manat, 10 rayon (şəhər) üzrə 462 istehsalçıya təhvil verdikləri 2,5 min ton quru və 15,5 min ton yaş tütünə görə 201,1 min manat və 28 (şəhər) rayon üzrə 3 235 istehsalçıya təhvil verdikləri 396,1 min ton şəkər çuğunduruna görə 1584,6 min manat (ümumilikdə 22,505 mln. manat) məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib. Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə və rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib. Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə subsidiya veriləcək pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının siyahısı, onların əkin sahələri, təhvil verilmiş pambıq, tütün və şəkər çuğundurunun miqdarı və hesablanmış subsidiyanın məbəği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi