Azərbaycanda kənd ərazilərinin inkişaf planları hazırlanacaq

Azərbaycanda kənd ərazilərinin inkişaf planları hazırlanacaq Bununla bağlı Bakıda "Torpaqların konsolidasiyası" layihəsinə dair seminar keçirilib
ASK
29 Fevral , 2016 14:49
Azərbaycanda kənd ərazilərinin inkişaf planları hazırlanacaq

Bakı. 29 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən maliyyələşdirilən “Torpaqların konsolidasiyası” layihəsinin hazırlanması məqsədi ilə seminar keçirilib. Seminarda FAO-nun torpaqların konsolidasiyası üzrə beynəlxalq eksperti Morten Hartviqsen, Nazirliyin aidiyyəti məsul vəzifəli şəxləri iştirak ediblər. Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Ölkədə kənd təsərrüfatı təyinatlı torpaqların idarəçiliyi və torpaqların konsolidasiyası ilə bağlı Nazirliyin strateji hədəfləri və gözlənilən nəticələr, eləcə də həlli vacib məsələlər və qarşıya qoyulmuş məqsədlər barədə geniş məlumat verilib və müzakirələr aparılıb.

Bundan sonra, torpaqların konsolidasiyası ilə əlaqədar FAO-nun eksperti M.Hartviqsen təqdimatla çıxış edərək həyata keçiriləcək layihənin icra qrafiki və əhatə dairəsi, o cümlədən nəzərdə tutulan fəaliyyətlər və mövcud vəziyyət barədə ətraflı məlumat verib. O, qeyd edib ki, layihə 3 mərhələdə yerinə yetirilməklə əsasən torpaqların konsolidasiyası barədə mövcud qanunvericiliyin təhlili, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası və iri fermer təsərrüfatlarının yaradılması ilə əlaqədar milli strategiyanın hazırlanması, həmçinin pilot layihənin həyata keçirilməsi yolu ilə yerlərdə mövcud vəziyyətin daha detallı araşdırılması, kənd ərazilərinin inkişaf planlarının hazırlanması məsələlərini əhatə edəcək. Həmçinin, layihə çərçivəsində seminarların və təlimlərin də keçirilməsi nəzərdə tutulub. 

Təqdimatdan sonra qeyd olunan məsələlərə dair geniş fikir mübadiləsi aparılıb və təqvim planına uyğun olaraq layihə çərçivəsində birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi