Yuxarı

Azərbaycanda fındıqçılığın inkişafı üçün ixracın rəsmiləşdirilməsi prosedurları müzakirə edilir

Azərbaycanda fındıqçılığın inkişafı üçün ixracın rəsmiləşdirilməsi prosedurları müzakirə edilir
Yerli məhsullar üçün yeni bazarlar araşdırılır

Bakı. 17 aprel. REPORT.AZ/ "Hazırda ölkədə 50 min hektardan çox fındıq bağları mövcuddur. 2016-cı ildə yeni bağlar salınıb və bu işlər hazırda da davam edir. Bu ilin ilk üç ayı ərzində Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası tərəfindən 62 min fındıq ağacı yetişdirilərək yeni tingçilik təcrübə stansiyası yaradılıb."

"Report" xəbər verir ki, bunu Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov qeyri- neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bildirib.

"Hava şəraitinin fındıqçılıq üçün əlverişli olmasını və yeni aqrotexniki qaydaların tətbiqini nəzərə alaraq, bu il 60 min tonadək məhsul yığılmasını və ya keçən il ilə müqayisədə təqribən 50 faizlik artım gözləyirik. Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Belə ki, ölkədən 105 mln. ABŞ dolları məbləğində fındıq ixrac olunub. Bu ilin ilk üç ayında isə 20 mln. dollar dəyərində fındıq ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisə etsək, 3 faizlik artıma nail olmuşuq. İlin sonunadək fındıq ixracında böyük həcmdə artım gözləyirik" - İ.Orucov deyib.

O söyləyib ki, bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolu böyükdür: "Biz İqtisadiyyat Nazirliyi və AZPROMO ilə əməkdaşlıq edərək yeni dəstək mexanizmləri, xüsusilə ixrac təşviqi və “Made in Azərbaycan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanırıq. Bu ildə Almaniya və Ukraynaya ixrac missiyaları, o cümlədən Almaniyada keçirilmiş “Yaşıl həftə” və Dubay şəhərində keçirilmiş “Gulfood” sərgilərində iştirak etmişik və nəticədə yeni bazarlarda müştərilər tapmışıq. Hazırda onlarla intensiv danışıqlar aparırıq. 2017-ci il üçün beynəlxalq proqnozlara görə, dünya üzrə fındıq istehsalının artımı gözlənilir. Nəticədə dünya bazarında əsas fındıq istehsalçı və təchizatçı ölkələri arasında rəqabət artacaq. Bu rəqabətə davamlılığı saxlamaq üçün Assosiasiyamız tərəfindən fındığın yüksək keyfiyyətinin saxlanması üçün fermer təsərrüfatları ilə təbliğat işləri aparılır və texniki dəstək göstərilir."

O vurğulayıb ki, keyfiyyət göstəriciləri ilə yanaşı, məhsulun qiymət baxımından rəqabətqabiliyyətliyi önəmlidir: "Assosiasiya tərəfindən vergi qanunvericiliyinin təkmilləşdirilməsi və ixracın rəsmiləşdirilməsi prosedurları istiqamətində aidiyyəti qurumlarla birgə iş aparılır. Eyni zamanda, məhsullarımız üçün yeni bazarlar araşdırır və orada fəaliyyət göstərən idxalçı və alıcılarla əlaqə qururuq. Azərbaycana məxsus və dünyada ən keyfiyyətli fındıq növlərindən olan “Ata-baba” sortunu xarici müştərilər arasında təbliğ edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi