Bakı. 2 may. REPORT.AZ/ Azərbaycanda istifadəsiz torpaqların əkin dövriyyəsinə daxil edilməsi, onların təyinatına uyğun səmərəli istifadəsi üçün mərkəzi icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılmış təkliflərin hazırlanmasına başlanılıb.
Kənd təsərrüfatı mütəxəssisləri respublikanın regionlarında araşdırmaları zamanı müəyyən ediblər ki, əkin sahələrindən örüş və biçənək kimi istifadə olunması, kənd təsərrüfatı məhsullarının satışındakı çətinliklər, dağlıq rayonlarda əlverişsiz relyef şəraiti, pay torpaqlarının yaşayış yerindən uzaqda olması, dəmyə və az məhsuldar əkin sahələrindən istifadə meyillərinin azalması və həmin torpaqların təqribən 30%-nin dincə saxlanılması əkin sahələrinin istifadə edilməməsi sahəsindəki problemlərin əsas səbəbləridir.
Habelə məlum olub ki, kənd təsərrüfatına yararlı torpaqlarda müxtəlif tikinti obyektlərinin tikilməsi, bu sahələrin bir qisminin cəbhə və işğal zonasında yerləşməsi də kənd təsərrüfatına yararlı torpaqların sayının azlığına təsir göstərən mühüm faktlardır.