Yuxarı

Azərbaycanda dayanıqlı qida zənciri formalaşdırılır - REPORTAJ - VİDEO

Azərbaycanda dayanıqlı qida zənciri formalaşdırılır

On gündən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC-nin (ATT) yaradılmasının 1 ili tamam olacaq. Bəs bu qurum fəaliyyət göstərdiyi müddətdə ölkə iqtisadiyyatına nə verib?

Hər bir ölkə kimi Azərbaycan üçün də ərzaq məhsulları ilə dayanıqlı təminat, ərzaq təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. ATT də fəaliyyətində bu məsələləri önə çəkib. Şirkət yerli fermerlərin ərsəyə gətirdiyi yüksək keyfiyyətli aqrar məhsulları onlardan münasib qiymətə almağa, dövlət müəssisələrinin bu məhsullara olan tələbatını bacaqdıqca dolğun şəkildə ödəməyə çalışır. Bununla da, ölkədə dayanıqlı qida zəndiri formalaşdırılır.

Bu günlərdə səhmdar cəmiyyətinin Gəncə Regional İdarəsində jurnalislərə tədarük və təchizat prosesi ilə yaxından tanış olmaq imkanı yaradıldı. Press-tur ATT-nin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mayis Musayevin müşaiyəti ilə baş tutdu.

ATT-nin Tədarük və Təchizat departamentinin direktoru Rəşad Kərimov bildirdi ki, Gəncə Regional İdarəsinin anbarları 1 550 kvadrat metr ərazini əhatə edir. Bu anbarlara yalnız təzə və keyfiyyətə nəzarət mütəxəssislərinin müsbət rəy verdiyi məhsullar qəbul edilir, onlar gigiyenik normalara uyğun şəkildə yerləşdirirlir. Hətta mal və quş ətindən hazırlanmış məhsullar belə ayrı-ayrı soyuducularda saxlanılır.

Qələm əhli məhsulların yük maşınlarına yüklənməsi, bağça və xəstəxanaya çatdırılması prosesi ilə də yaxından tanış oldu. R.Kərimovun sözlərinə görə, regional idarə Gəncə şəhərində və ətraf rayonlarda (Samux, Göygöl, Daşkəsən və Kəlbəcər) ümumilikdə 125 dövlət müəssisəsini ərzaqla təmin edir: “Bunun 92-si bağçalardır. Tələbnaməyə uyğun olaraq ay ərzində 2 dəfə 125 adda, 250 ton məhsul bağçalara çatdırılır”.

Jurnalistlərin iştirakı ilə ərzaq dolu yük maşınları Gəncə şəhərindəki 32 saylı körpələr evi-uşaq bağçasına çatdı və məhsullar təhvil verildi. Bağça müdiri Sahilə Hüseynova ATT-dən 33 adda qida məhsulu tədarük etdiklərini bildirdi: “Bağça bu il Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə təmir edilib, yenidən qurulub. Buranın qida təchizatını ayda 2 dəfə olmaqla ATT-nin Gəncə Regional İdarəsi həyata keçirir. İdarə bağçamızı müasir qida təhlükəsizliyi standartlarına uyğun məhsullarla təchiz edir. Məhsulların çeşidi mövsümə uyğun dəyişir. Biz məhsulları keyfiyyət sertifikatı ilə bərabər qəbul edirik. Hazırda bağçada 75 uşaq var və onlara gün ərzində 3 dəfə yemək verilir".

ATT əməkdaşlarının baş çəkdiyi növbəti ünvan isə Gəncə şəhərindəki Abbas Səhhət adına 1 saylı xəstəxana oldu. Səhiyyə müəssisəsinin anbardarı Fəxrəddin Abbasov ATT-dən 15 adda qida məhsulu tədarük etdiklərini bildirdi: “Sifariş etdiyimiz məhsullar ayda 2 dəfə çatdırılır. Yağ və quş əti kimi məhsulları soyuducularda, digər məhsulları isə qapalı rəflərdə xüsusi şəraitdə saxlayırıq. Xəstəxanada müalicə alan şəxslərə isə gündə üç dəfə yemək verilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi