Azərbaycanda çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri gücləndirilib

Azərbaycanda çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri gücləndirilib 7 640 hektar dövlət ehtiyat fondu torpaqlarında mübarizə tədbirləri görülüb
ASK
16 May , 2017 12:10
Azərbaycanda çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri gücləndirilib

Bakı. 16 may. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi (KTN) ölkə ərazisində Mərakeş və İtaliya çəyirtkələrinə qarşı mübarizə tədbirlərini gücləndirib. 

"Report" nazirliyə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonları ərazisində 35 min hektar dövlət ehtiyat fondu torpaqlarında müşahidə işləri aparılıb, 8 500 hektar sahədə isə sirayətlənmə aşkar edilib. 

Ümumilikdə 7 640 hektar dövlət ehtiyat fondu torpaqlarında mübarizə tədbirləri görülüb.

Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonunun Şirinqum ərazisindəki dövlət ehtiyat fond torpaqlarında adıçəkilən zərərvericilərə qarşı 875 hektar sahədə mübarizə işləri artıq başa çatdırılıb.

Hacıqabul, Şamaxı və Kürdəmir rayonları ərazisində 760 hektar, Tovuz, Qazax və Axstafa rayonlarının ərazisində və Ceyrançöl düzündə 3 600 hektar sahədə Mərakeş və İtaliya çəyirtkələrinin məhv edilməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir. Mübarizə tədbirləri “Pikap” tipli, ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyəti olan “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.

"Əkin sahələrinin ən başlıca problemlərindən biri çəyirtkələrlə bağlıdır. Bu ziyanvericilər taxıl məhsullarını, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını məhv edir. Nəzərə alınmalıdır ki, çəyirtkələr sürətlə çoxalır, bir ərazidən digər əraziyə sürətlə miqrasiya edir və digər həşəratlardan fərqli olaraq daha çox qidalanırlar. Bu həşəratlar sutka ərzində sürü ilə 30 kilometrdən, tək uçduqda isə 250 km-dən çox məsafəni qət edə bilir. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Ona görə də mübarizə tədbirlərini qısa zamanda geniş şəkildə həyata keçirmək lazımdır ki, zərərin qarşısı tez bir zamanda alınsın. Hazırda KTN yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin əməkdaşları tərəfindən çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri həyata keçirilir", - deyə nazirliyin açıqlamasında qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi