Yuxarı

Azərbaycanda aqrar sektor 6%-dən çox böyüyüb

Azərbaycanda aqrar sektor 6%-dən çox böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 206,7 milyon manat təşkil edib ki, bunun da 2 557 milyon manatı heyvandarlıq, 2 649,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, son 1 ildə kənd təsərrüfatının istehsalı 6,2%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,1%, bitkiçilik məhsulları istehsalı isə 9,2% artıb.

Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Sentyabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 039,5 min hektar əkin sahəsinin 1 031,5 min hektarı biçilib və həmin sahələrdən 3 229 min ton və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3% çox məhsul götürülüb. Orta hesabla hər hektardan 31,3 sentner məhsul yığılıb. Bundan əlavə, məhsulu toplanmış 9,8 min hektar dən üçün qarğıdalı sahəsindən 57,5 min ton məhsul yığılıb.

Sentyabr ayının 1-nə kimi sahələrdən 1 283,8 min ton və yaxud ötən ilin müvafiq dövrünə nisbətən 11,3% çox tərəvəz, 703,8 min ton kartof (9,5% çox), 427,9 min ton bostan məhsulları (14,9% çox), 382,4 min ton meyvə və giləmeyvə (5,6% çox), 56,5 min ton üzüm (49,4% çox), 580,8 ton yaşıl çay yarpağı (16,4% az), 31,4 min ton günəbaxan (48,7% çox), 19,6 min ton şəkər çuğunduru (78,3% az), 164,8 ton pambıq (5% çox) və 3,5 min ton tütün (19,4% çox) yığılıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 3% artaraq 332,6 min ton, süd istehsalı 1,5% artaraq 1 386 min ton, yumurta istehsalı 6,9% artaraq 1 242,2 milyon ədəd və yun istehsalı 1,5% artaraq 15,4 min ton olub. Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3% çox barama istehsal olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi