Azərbaycana yeni kənd təsərrüfatı texnikaları gətiriləcək

Azərbaycana yeni kənd təsərrüfatı texnikaları gətiriləcək Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycana yeni kənd təsərrüfatı texnikalarının gətirilməsi ilə bağlı bu il 160 mln. manat vəsait nəzərdə tutulub.
ASK
30 Yanvar , 2018 09:42
Azərbaycana yeni kənd təsərrüfatı texnikaları gətiriləcək

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycana yeni kənd təsərrüfatı texnikalarının gətirilməsi ilə bağlı bu il 160 mln. manat vəsait nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bildirib.

“Keçən il 10 min texnika gətirilib. Bu il də bu proses davam etdiriləcək, müxtəlif texnikalar - taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər xüsusi texnikalar alınacaqdır, vəsait də nəzərdə tutulub. Nisbətən yeni kənd təsərrüfatı məhsulları üçün də xüsusi texnika tələb olunur. Çəltikçilik, çuğundurçuluq, çayçılıq üçün indi müasir maşınlar, mexanizmlər var ki, insan əməyini yüngülləşdirir və məhsuldarlığı artırır. Bunlar da alınmalıdır”, - o qeyd edib.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, bu il gübrənin alınması üçün subsidiyaların məbləği artırılacaq: “Bu göstəriş verilib, indi sənədlər hazırlanır. Çünki məhsuldarlığa çox təsir edən amillərdən biri də gübrənin verilməsidir. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Suvarma işləri, texnika, gübrələr və pestisidlər, hamısını biz gərək elə təşkil edək ki, məhsuldarlıq artsın. Keçən il pestisid fabrikinin işə düşməsi nəticəsində biz özümüzü bu məhsulla təmin etmiş oluruq və xaricə valyuta daha getməyəcək. Qeyd etdiyim kimi, pivot suvarma sistemlərinin istehsalı ölkəmizdə başlayır”.

İ.Əliyev çıxışında qida təhlükəsizliyi məsələsinə də toxunub: “Bu yaxınlarda qida təhlükəsizliyi qurumu yaradılıb. Bu da çox ciddi məsələdir. Bu xüsusi qurum həm idxal olunan qida məhsullarına nəzarət edəcək ki, keyfiyyətsiz, yaxud da insan orqanizmi üçün zərərli mallar gətirilməsin, eyni zamanda, Azərbaycanda daxili bazar və həmçinin ixrac üçün kənd təsərrüfatı və emal məhsulları sağlamlığa tam fayda verəcək səviyyədə istehsal olunsun. Çünki biz qeyri-neft ixracımızı artırırıq və məhsul da keyfiyyətli olmalıdır. İndi demək olar ki, ölkələrin əksəriyyətində çox ciddi laboratoriya nəzarəti var. Əgər məhsul standartlara bir balaca uyğun deyilsə, onu heç kim almayacaq. Ona görə qida təhlükəsizliyi qurumu, ilk növbədə, ölkə əhalisinin sağlam qida əldə etməsi və eyni zamanda, ixracımız üçün yaradılır”.

Son xəbərlər

Orphus sistemi