​Azərbaycan və İran aqrar sahədə əməkdaşlığı genişləndirir

​Azərbaycan və İran aqrar sahədə əməkdaşlığı genişləndirir Şahin Mustafayev: “Azərbaycan İrandan kənd təsərrüfatı texnikasının alınmasında maraqlıdır”
ASK
17 May , 2016 14:49
​Azərbaycan və İran aqrar sahədə əməkdaşlığı genişləndirir

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin Bakıda səfərdə olan İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti ilə keçirdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olmasından və əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdirilməsindən danışılıb. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və İran arasında neft-qaz, nəqliyyat, enerji, rabitə və s. sahələrdə əməkdaşlıq uğurla davam edir. Nazir bildirib ki, kənd təsərrüfatı Azərbaycan-İran əməkdaşlığının vacib istiqamətlərindən biridir: “Bu sahədə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var. Mövcud imkanları reallaşdırmaq məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində aqrar sahə üzrə işçi qrupu fəaliyyət göstərir və Qrupun ilk iclası 2015-ci ildə keçirilib. Azərbaycanda bitki və heyvanlar üçün dərman preparatlarının istehsalına dair birgə müəssisə yaradıla, iranlı ixracatçılar Azərbaycanın Aktau şəhərindəki logistika mərkəzindən istifadə edə bilər. Bundan başqa, Azərbaycan pambıqçılıq, toxumçuluq və tingçilik sahələrində əməkdaşlıqda, eləcə də meyvə qurudulması sahəsində İran təcrübəsinin öyrənilməsində, Azərbaycanda meyvəqurutma müəssisələrinin yaradılmasında, İrandan kənd təsərrüfatı texnikasının alınması sahəsində əməkdaşlıqda maraqlıdır”.

İran naziri M.Höccəti hər iki ölkənin kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğunu vurğulayıb: “Aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə olunması çox əhəmiyyətlidir. Ölkələrimiz arasında ticarət əlaqələri genişləndirilməklə üçüncü ölkələrə birgə ixrac həyata keçirilə bilər. Onu da əlavə edim ki, iranlı fermerlər Azərbaycanda müştərək və ya uzunmüddətli torpaq icarəyə götürərək xüsusi tələbat olan məhsulların əkilməsində, birgə investisiya qoyuluşunda maraqlıdırlar”.

Son xəbərlər

Orphus sistemi