Azərbaycan və Hollandiya arasında kənd təsərrüfatına dair anlaşma memorandumu imzalanıb

Azərbaycan və Hollandiya arasında kənd təsərrüfatına dair anlaşma memorandumu imzalanıb Sənəddə bir neçə istiqamət üzrə əlaqələrin inkişaf etdirilcəyi qeyd olunub
ASK
12 Oktyabr , 2016 17:52
Azərbaycan və Hollandiya arasında kənd təsərrüfatına dair anlaşma memorandumu imzalanıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası (AMTA) və Azərbaycan-Hollandiya İşgüzar Mərkəzi (Business Hub) arasında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi elmi əsaslara dayanan ölkədə aqrar sektorun inkişafı, birgə layihələr və proqramların həyata keçirməsidir. Bu əməkdaşlıq çərçivəsində Hollandiyanın qabaqcıl aqrar inkişaf modellərinin öyrənilməsi və Azərbaycanda tətbiqi istiqamətlərinin araşdırılması, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi və Azərbaycana investisiyaların cəlb olunması, eləcə də Hollandiyanın kənd təsərrüfatının inkişafında kooperativ model təcrübəsinin öyrənilməsi və Azərbaycanda analoji ilk kooperativin yaradılması istiqamətləri üzrə işlərin görülməsi planlaşdırılır. 

"Report"un AMTA-ya istinadən verdiyi xəbərə görə, tədbirdə sözü gedən təşkilatların rəhbərliyi ilə yanaşı, Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers, Azərbaycan İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və meyvə-tərəvəz sektorunun qabaqçıl istehsalçıları iştirak edib.

Tədbirdə Azərbaycan-Hollandiya İşgüzar Mərkəzinin ölkə üzrə əlaqələndircisi Tariyel Mirzoyev qonaqlara Mərkəzin yaranması və məqsədləri haqqında qısa məlumat verərək AMTA ilə bağlanacaq bu anlaşma memorandumun ölkənin aqrar sektorun inkişafına töhfə verəcəyini qeyd edib. Daha sonra AMTA-nın sədri Bəşir Quliyev çıxışında ölkədə son illər aparılan aqrar siyasət və islahatlardan danışaraq bunun yerli məhsul istehsalçı və ixracatçılara əlavə güc və həvəs yaratdığını qeyd edib. Memorandumla bağlı isə B.Quliyev bu təşəbbüsün yaranma səbəblərini açıqlayaraq Hollandanın tətbiq etdiyi dünyaca məşhur aqrar inkişaf modeli ilə yaxından tanış olduğunu bildirərək hazırda Azərbaycanın kənd təsərrüfatı sektoru üçün bunun əhəmiyyətdən danışıb. O, məhz bu kimi praktiki təcrübənin öyrənilməsi istiqamətində aparılan işlərin, xüsusən yerli meyvə-tərəvəz sektorunun istehsal və ixrac potensialının daha da artmasına gətirib çıxardacağını bildirib.

Tədbirdə iştirak edən Hollandiya səfiri O.Kervers memorandumun artıq real və praktiki işgüzar əlaqələr üçün ən yaxşı nümunə olduğunu qeyd edib. Səfir Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun iki həftə sonra Hollandiyaya gözlənilən səfəri haqqında danışıb, bu anlaşma memorandumunun iki ölkə arasında işgüzar mühitin genişlənməsinə müsbət töhfə verəcəyinə inandığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi