Almaniya yığmasının futbolçusu avtomobili vəsiqəsiz idarə etdiyi üçün 540 min avro cərimələnib

Almaniya yığmasının futbolçusu avtomobili vəsiqəsiz idarə etdiyi üçün 540 min avro cərimələnib Marko Roys axmaq hərəkətə yol verdiyini bildirib
ASK
18 Dekabr , 2014 16:44
Almaniya yığmasının futbolçusu avtomobili vəsiqəsiz idarə etdiyi üçün 540 min avro cərimələnib

Bakı. 18 dekabr. REPORT.AZ/ Almaniya milli komandasının futbolçusu Marko Roys üzərində sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün 540 min avro cərimələnib. "Report"un məlumatına görə, bu barədə 25 yaşlı yarımmüdafiəçinin özü "Die Welt" nəşrinə açıqlama verib. 

O, axmaq hərəkətə yol verdiyini bildirib. M.Roys tutduğu hərəkətin səbəbini bilmədiyini və bir daha eyni halı təkrarlamayacağını söyləyib. 

Futbolçu 18 yaşında sürücülük məktəbinə yollansa da, bitirə bilməyib. O iddia edir ki, 2011-ci ilin sentyabrından 2014-cü ilin martınadək cəmi 6 dəfə sükan arxasına oturub. Martın 18-də polislər onun avtomobil sənədlərini yoxlamaq üçün saxlayıblar. Həmin vaxt M.Roysun sürücülük vəsiqəsinin olmadığı üzə çıxıb. Cərimənin məbləği futbolçunun aylıq maaşına əsasən müəyyənləşib. Başqa sözlə, yarımmüdafiəçinin 180 min avro aylıq maaşının 3 misli onun ayağına yazılıb. 

Qeyd edək ki, M.Roys 2012-ci ildən Dortmund "Borussiya"sında çıxış edir. Bu mövsüm M.Roys bütün turnirlərdə 11 oyun keçirib və 6 qol vurub. Almaniya millisində isə o, 23 matçda 7 dəfə fərqlənib. Futbolçu zədə üzündən 2014-cü il dünya çempionatını buraxmalı olub. 

Son xəbərlər

Orphus sistemi