Zığ-Suraxanı yolunun daha 2,7 km-lik hissəsi yenidən qurulur - VİDEO

Zığ-Suraxanı yolunun daha 2,7 km-lik hissəsi yenidən qurulur - VİDEO Təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılır
İnfrastruktur
24 Avqust , 2017 14:39
Zığ-Suraxanı yolunun daha 2,7 km-lik hissəsi yenidən qurulur - VİDEO

Bakı. 24 avqust. REPORT.AZ/ Bakının Suraxanı rayonundakı Zığ-Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2,7 km-lik hissəsinin yenidən qurulması işlərinə başlanılıb. 

Bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda bildirilir. 

"Təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılır. Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir. Yol uzun müddətdir təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılır. Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılır. Yolboyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır. Torpaq işləri yekunlaşdıqdan sonra yolun asfaltlanmasına start veriləcək. Ümumilikdə, ikiqat olmaqla yolun 30 min kv. m-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənəcək", - deyə məlumatda qeyd edilib.

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolboyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi nəzərdə tutulub. Səkilərin kənarına 6,5 min p/metr yeni səki daşı düzüləcək.

Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi ilə 4 yerdə xüsusi quyular tikilərək yağış barmaqlıqları, həmçinin gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün bir neçə yerdə ehtiyat keçidlər qoyulacaq.

Qeyd edək ki, ötən il Zığ – Əmircan - Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi yekunlaşdırılıb. Bakı şəhəri Suraxanı rayonunun Zığ – Əmircan – Yeni Suraxanı avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.

Son xəbərlər

Orphus sistemi