Qarabağda həyata keçirilən "sıfır emissiya" prinsipli yenidənqurma layihələri və su idarəçiliyində "yaşıl enerji"dən istifadə etməklə Azərbaycan regionun inkişafında liderlik edə bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakıda keçirilən "Yaşıl enerji və ətraf mühit - bizneslər üçün inkişaf perspektivləri" mövzusunda ictimai müzakirələrdə deyib.
O, vurğulayıb ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən geniş istifadə edilməsi ölkəmizin inkişafına tam uyğundur: "Enerji mənbələrini şaxələndirmək, karbon emissiyalarını minimuma endirmək, daha davamlı kənd təsərrüfatı təcrübələrinə nail olmaq mümkündür. Suvarma üçün günəş və külək enerjilərindən istifadə etmək, ənənəvi enerji mənbələrindən asılılığımızı minimallaşdırmaqla dünyada qabaqcıl ola bilərik".
Sədr qeyd edib ki, Azərbaycanın su ehtiyatlarının 25 %-i işğaldan azad edilmiş ərazilərdə formalaşır: "Regionun Tərtər çay, Həkəri çay və digər çaylarının qollarında kifayət qədər böyük enerji istehsal gücü hesablanıb. Yaxın gələcəkdə Bərgüşad çayı üzərində 30 meqavat, Həkəri çayının üzərində isə 43 megavat gücündə kiçik su elektrik stansiyalarının inşası nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə 4 min meqavatdan çox günəş, 500 meqavata yaxın külək enerjisi potensialı mövcuddur və bu ərazilərdə aparılan quruculuq işlərində məhz "Yaşıl enerji" layihələrinə üstünlük verilir".