Bakı. 9 may. REPORT.AZ/ "Avropa İttifaqı (Aİ) Bakı Limanına beynəlxalq logistika və ticarət qovşağı olması yolunda dəstəyini davam etdirəcək".
"Report" xəbər verir ki, bunu mayın 9-da Bakıda öz işinə başlayan Dünya Limanlar Konfransına ünvanlandığı videomüraciətində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohanas Han bildirib.
Avrokomissar Bakıdakı konfransda şəxsən iştirak edə bilməməsindən təəssüfləndiyini, lakin bu vacib regional tədbirə videomüraciətini çatdırmasından məmnunluq hissi duyduğunu bildirib. O, yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik edib.
Y.Han deyib ki, Azərbaycan Avropa və Asiyanı birləşdirmək rolunda çox mühüm mövqe tutur. Avropa İttifaqı Bakı Limanına beynəlxalq logistika və ticarət qovşağı olması yolunda dəstəyini davam etdirəcək. Bağlantılar 2020-ci il üçün ən əsas 20 məqsəddən biridir.