Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq Bu gün layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib
İnfrastruktur
10 İyul , 2017 16:33
Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Bakı. 10 iyul. REPORT.AZ/ “Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması məqsədilə daha bir beynəlxalq layihənin icrasına başlayıb.

Qurumdan "Report"a verilən məlumata görə, Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması layihəsi” çərçivəsində Abşeron rayonu Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. 

Bu gün layihə üzrə tikinti işlərinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova son illər Xırdalan şəhərinin əhalisinin 2 dəfədən çox artdığını, bu səbəbdən mövcud su və kanalizasiya şəbəkəsinin şəhəri tam əhatə etmədiyini bildirib.

“Azərsu”nun sədr müavini Etibar Məmmədov isə bildirib ki, hazırda respublikanın əksər şəhər və rayon mərkəzlərində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur: “Azərsu" 7 beynəlxalq maliyyə instiutu ilə əməkdaşlıq edir və bu qurumlarla 20-dən artıq layihə reallaşdırır. Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyəsi ilə həyata keçirilən layihə Xırdalan şəhərinin həm içməli su, həmdə kanalizasiya probleminin tam həllinə imkan verəcək”.

Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 200 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, şəhərə içməli su Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən veriləcək. Bu məqsədlə Ceyranbatan-Zirə magistral kəmərinin marşrutu üzərində hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı tikiləcək və anbarlardan şəhərə 4,5 km magistral su xətləri çəkiləcək. Xırdalan şəhərində ümumi uzunluğu 168 km olan paylayıcı su şəbəkəsi yaradılacaq, 21 200 ünvana ev birləşməsi veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində 570 yanğın hidrantının quraşdırılması da nəzərdə tutulur.

Layihə çərçivəsində Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhərdə 109 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, kanalizasiya quyuları tikiləcək, ev birləşmələri veriləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini də Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondu maliyyələşdirir. Qəsəbədə tikinti quraşdırma işlərinin birinci mərhələsi üzrə işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi