Xəzər Dəniz Gəmiçiliyi üçün yeni bina inşa olunacaq

Xəzər Dəniz Gəmiçiliyi üçün yeni bina inşa olunacaq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC son üç il ərzində 17 yeni gəmi alıb
İnfrastruktur
369
23 İyun , 2017 14:47
Xəzər Dəniz Gəmiçiliyi üçün yeni bina inşa olunacaq

Bakı. 23 iyun. REPORT.AZ/ Yaxın müddətdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni binası inşa olunaraq istifadəyə veriləcək.

“Report” xəbər verir ki, bunu Dənizçi günü - dənizçilərin peşə bayramı münasibətilə Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirilən tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev bildirib.

R.Vəliyev qeyd edib ki, Gəmiçiliyin rəhbərliyi ilk növbədə 5 illik hədəfləri müəyyənləşdirib: "Bunlar AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmaların yenilənməsi, beynəlxalq idarəetmə və maliyyə sisteminin tətbiqi, fəaliyyətin beynəlxalq auditinin keçirilməsi, müvafiq beynəlxalq sertifikatların və kredit reytinqinin alınması, mövcud infrastrukturun və maddi-texniki təchizat bazasının təkmilləşdirilməsi, işçilərin rifahının mütəmadi yaxşılaşdırılması, kadr hazırlığı və sair hədəflərdir”.

Qurumun rəhbəri qeyd edib ki, dövlət başçısının sərəncamı ilə Azərbaycanda gəmiçiliyin inkişafına dair Dövlət Proqramının (2016-2020-ci illər) qəbul olunması Gəmiçilik qarşısında qlobal vəzifələr qoyur: "Bu gün Xəzər regionunda həyata keçirilən Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanla İran arasında dəmir yolu xəttinin tikintisi, Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin yekunlaşdırılması, Gəmiçilik üçün yeni hədəflər müəyyənləşdirir".

O qeyd edib ki, Azərbaycanda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri Xəzər dənizi üzərindən artması gözlənilən yükdaşıma həcmlərinin qarşılanması üçün gəmiçiliyin donanmasının davamlı olaraq yenilənməsi çox vacibdir: “Bu baxımdan, 2013-cü ildə açılan Bakı Gəmiqayırma Zavodu böyük əhəmiyyət kəsb edir. Bu zavod tərəfindən Gəmiçilik üçün indiyədək 4 gəmi tikilərək istifadəyə verilib. Bu yaxınlarda daha 4 gəminin - vaqon-TIR və sərnişin daşınması üçün nəzərdə tutulan yeni nəsil iki unikal "Ro-Pax/Bərə" və iki tankerin tikintisi üzrə yeni sifariş verilib".

Həmçinin R. Vəliyev son 3 il ərzində 17 yeni gəminin alındığını bildirib. Onun sözlərinə görə, bunlardan 1 ədəd Xəzərdə ən böyük yedək-təchizat gəmisi, 8 ədəd 5 500 ton yük götürmə qabiliyyətli quru yük gəmisi, 1 ədəd 13 000 tonluq tanker, 3 ədəd təchizat gəmisi, 1 ədəd liman-yedək, 3 ədəd sərnişin gəmisidir.

Tədbirin sonunda əməkdə fərqlənənlərə “Dənizçi günü” münasibətilə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanları təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycanda Dənizçi Günü elan edilib.

Son xəbərlər

Orphus sistemi