Xətai rayonunda yararsız vəziyyətdə olan küçə təmir edilib

Xətai rayonunda yararsız vəziyyətdə olan küçə təmir edilib Küçəyə yeni asfalt-beton örtüyü döşənib və səki daşları düzülüb
İnfrastruktur
12 May , 2016 14:14
Xətai rayonunda yararsız vəziyyətdə olan küçə təmir edilib

Bakı. 12 may. REPORT.AZ/ Bakı şəhəri Xətai rayonunun Sadıqcan küçəsi təmir edilib. Uzunluğu 1 km, ortalama eni isə 15 metr olan küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib.

“Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, əvvəllər yolun hərəkət hissəsi sıradan çıxdığı üçün avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaranırdı. Bundan başqa, vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri də yararsız vəziyyətdə olub.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınıb, ərazidən daşınıb, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənib. Ümumilikdə küçənin 15 min kv. m sahəsinə ikiqat olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb və küçə boyu 2 min poqonmetr yeni səki daşı düzülüb. 

Piyada səkiləri bərpa olunaraq asfaltlanıb. Bundan əlavə, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib.

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.

Son xəbərlər

Orphus sistemi