Bakı. 7 sentyabr. REPORT.AZ/
Komitədən “Report”a verilən məlumata görə, vətəndaşların əvvəllər qeydiyyatla bağlı vaxt sərf etdikləri hüquqi hərəkətlər indi onlayn rejimdə baş verir. Bununla da vətəndaşın qeydiyyat idarəsinə getmək, orada sənəd gözləmək və ya sənəd almaq üçün müraciət etməsinə ehtiyac qalmayıb. Komitənin elektron, SMS və onlayn xidmətləri məhz belə proseduraların aradan qaldırılması üçün yaradılıb.
Qeyd olunub ki, onlayn xidmətlərin tətbiq olunmadığı əvvəlki dövrlərdə vətəndaş ona məxsus daşınmaz əmlakı qeydiyyatdan keçirmək üçün 4 dəfə qeydiyyat idarəsinə gəlməli olurdu, indi bu iş 1 proseduradan ibarətdir. Təkrar bazarda alqı-satqı əməliyyatlarından sonra bütün hüquqi hərəkətlər onlayn qaydada həyata keçirilir. Vətəndaş yalnız sonda çıxarışını götürmək üçün ərazi idarəsinə gəlir.
Komitə tərəfindən tətbiq olunan yeni onlayn xidmətlər yüklülük arayışlarının (Forma-1) onlayn verilməsini, dövlət reyestrində əmlak barədə məlumatların onlayn əldə olunmasını və alqı-satqıdan sonra hüquqi sənədlərin ərazi qeydiyyat idarəsinə onlayn göndərilməsini əhatə edir. Bununla da üç hüquqi əməliyyatın icrası elektronlaşıb.
İndiyədək 183 500 vətəndaş Komitənin onlayn xidmətlərindən faydalanıb. Qeydiyyat prosesinin sadələşməsi alqı-satqı əməliyyatlarının, qeydiyyata alınan əmlakların sayının artmasına səbəb olub. Bununla da vətəndaşların dövlət reyestrindən çıxarışı olan daşınmaz əmlakdan həm hüquqi, həm də iqtisadi mənfəət mənbəyi kimi istifadəsi kütləviləşib.
Əmlak Məsələləri Dövlət Komitəsi eyni zamanda, SMS və elektron xidmətləri də vətəndaşların istifadəsinə verib. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.
İstifadədə olan SMS xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.
Qeyd edək ki, Komitə tərəfindən 2015-ci ildə vətəndaşlara müxtəlif fəaliyyət istiqamətləri üzrə 95 mindən çox elektron xidmət göstərilib. Ümumilikdə isə indiyədək elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 248 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun təmin olunub.