Azərbaycanın dəmir yolları faşizm üzərində qələbədə hansı rolu oynayıb?

Azərbaycanın dəmir yolları faşizm üzərində qələbədə hansı rolu oynayıb? Bu gün faşizm üzərində qələbədən 75 il ötür. Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Faşizm üzərində qələbədə ölkənin dəmir yolları da həlledici rol oynayıb.
İnfrastruktur
9 May , 2020 11:28
Azərbaycanın dəmir yolları faşizm üzərində qələbədə hansı rolu oynayıb?

Bu gün faşizm üzərində qələbədən 75 il ötür. Azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Faşizm üzərində qələbədə ölkənin dəmir yolları da həlledici rol oynayıb.

Bununla bağlı tarixçi Elmin İmanov “Report”a açıqlama verib.

Onun sözlərinə görə, II Dünya müharibəsi zamanı ön cəbhəni yanacaqla təmin edən əsas mərkəzlərdən biri də məhz Bakı şəhəri olub: "Həmin dövrdə bir nömrəli nəqliyyat növü dəmir yolu xətti idi. Həm yaralıların arxa cəbhəyə daşınmasında, həm də ərzaq məhsullarının, silah-sursat ehtiyat hissələrinin cəbhəyə daşınmasında, xüsusilə neft və neft məhsullarının daşınmasında qatarların müstəsna xidməti olub. 1941-ci ildə Azərbaycanda Salyan-Neftçala, Culfa-Mincuvan, Şirvan-Papanin arasında dəmir yolu xətti istifadəyə verilmişdi".

E.İmanov qeyd edib ki, həmin vaxt Azərbaycanda arxa cəbhəni təmsil edənlər bu işdə xüsusi fədakarlıq göstərirdilər: "Polad magistralın əməkçiləri cəbhəyə daşımaların vaxtlı-vaxtında çatdırılması, qatarların təhlükəsiz şəraitdə və yüksək sürətlə idarə olunması üçün bütün qüvvələrini səfərbər edirdilər. Ön cəbhədə qələbəni təmin etmək üçün arxa cəbhədə güclü təminat lazım idi. 1941-1945-ci illərdə Bakıdan cəbhəyə 75 milyon ton neft yanacağı göndərilib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizi Bakı nefti sayəsində ödənilib. Müharibənin ilk günlərində, hər şeyin cəbhə üçün səfərbər olunduğu bir vaxtda, 1941-ci il iyun ayının 23-də qatarların xüsusi hərbi qrafik üzrə hərəkətə keçirilməsi barədə əmr verildi. Hazırlıq işləri bir sutka ərzində başa çatmalı idi. Çünki belə məqamda ləngimək uduzmağa bərabər idi. Bu işin həyata keçirilməsinə yardım etmək məqsədi ilə Azərbaycanın partiya orqanları, siyasi şöbələri və dəmiryol idarəsinin mütəxəssisləri iri stansiyalara toplaşırdılar. Birinci növbədə, hərbçilər və hərbi texnika ilə yüklü vaqonların hərəkət qrafiki müəyyənləşdirildi. Elə müharibənin ilk günlərindən etibarən, sərnişindaşıma işi məhdudlaşdırıldı. Sərnişin qatarı vaqonlarının profilləri dəyişdirilərək sanitar qurğular quraşdırıldı. Dəmiryolçuların bu işə fəal cəlb olunması ilk gündən öz bəhrəsini verməyə başladı. Bir faktı demək lazımdır ki, Azərbaycandan Zaqafqaziya hüdudlarından kənara göndərilən qatarların sayı təkcə iyun ayında 10% artmışdı. Ümumiyyətlə, ölkənin dəmir yolları faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb". 

 Tarixçi Elmin İmanov
Tarixçi Elmin İmanov

“Hətta qadın və gənclər də nəqliyyat sahəsində işə qəbul olunurdular”

Onun sözlərinə görə müxtəlif mənbələrdə isə vurğulanır ki, müharibənin ilk günlərindən cəbhəyə səfərbər olunanlar arasında dəmiryolçuların da olması arxa cəbhədə kadr çatışmazlığı yaradırdı və buna görə də müvəqqəti çətinliyi aradan qaldırmaq üçün hətta qadın və gənclər də nəqliyyat sahəsində işə qəbul olunurdular: "Dəmir yoluna yenicə qəbul olunmuş işçilərin qısamüddətli kurslarda və fərdi təlimlərdə iştirak etməsi ixtisaslı kadr çatışmazlığı problemini müəyyən qədər aradan qaldırdı. Peşəkar dəmiryolçular öz istehsalat təcrübələrini gənclərə öyrədərək onların tez bir zamanda öncüllər sırasına çıxmalarına şərait yaradırdılar. Belə dəmiryolçulardan biri - Azərbaycanda ilk dəfə “Sosialist Əməyi Qəhrəmanı” kimi yüksək ada layiq görülmüş təcrübəli təlimatçı-maşinist Firudin Ağayev gənc maşinistlərin təlim-tərbiyəsinə böyük əmək sərf edib".

Bakıda zirehli qatar hazırlanıb və digər döyüş sursatları istehsal edilib

II Dünya müharibəsi zamanı Azərbaycan dəmiryolçularının göstərdikləri fədakarlığı əks etdirən bəzi mühüm məqamlar: 1941-ci il iyun ayının 23-dən Zaqafqaziya dəmir yolunda kütləvi hərbi daşınmalara start verilib. İyun ayının 23-dən 30-na kimi 152 eşelon və 6 849 vaqon yüklənərək yola salınıb. 1941-ci ilin iyul ayı ərzində 201 eşelon və 112 nəqliyyat vasitəsi yüklənərək (ümumilikdə, 16 442 vaqon) ön cəbhəyə göndərilib. Sərnişindaşımanın həcmi məhdudlaşdırıldı və sərnişin vaqonları sanitar vaqonlar kimi istifadə edilmək üçün yenidən quraşdırılıb. Sərnişindaşımanın xarakter və şərtləri kəskin surətdə dəyişdirilib. Dəmir yolunun həkim-sanitar xidməti yoluxucu xəstəliklərin profilaktikasını və sanitariya nəzarətini gücləndirib. 1941-ci ilin oktyabr ayında Gəncə hissəsində yükvurma planı 304,6%, Ələt stansiyasında isə 152% yerinə yetirilib. Dəmiryol nəqliyyatında ciddi qayda yaratmaq məqsədi ilə SSRİ Ali Sovetinin Rəyasət Heyəti 15 aprel 1943-cü il tarixli fərmanı ilə dəmir yolunda hərbi vəziyyət elan etdi. 1941-ci ilin iyul ayında 1 560, avqust ayında isə 2 325 sistern yanacaqla doldurularaq ön cəbhəyə göndərildi. Bütövlükdə, 1941-ci ildə 303 716 sistern ön cəbhəyə göndərilmişdir. II Dünya müharibəsi illərində Bakı Vaqon Təmiri Zavodunda zirehlə örtülmüş hərbi qatar hazırlanmış və digər döyüş sursatları istehsal edilib.

E.İmanov deyir ki, hamı kimi, bütün nəqliyyat işçilərinin, xüsusən də dəmiryolçuların qəlbi dərin vətənpərvərlik hissi ilə döyünürdü: "Beləliklə, II Dünya müharibəsində Azərbaycan dəmiryolçuları üzərilərinə düşən vəzifəni, neft və neft məhsullarının, hərbi silah və qurğuların, eləcə də geyim və ərzağın ön cəbhəyə daşınmasını təmin edə bilmişdilər. Müharibə dövründə dəmiryolçular belə bir şüarı özlərinin fəaliyyət devizi kimi seçmişdilər: “Vaxtında çatdırılan hər bir qatar düşmənə zərbədir!”

Son xəbərlər

Orphus sistemi