Bakı. 3 may. REPORT.AZ/ Türkmənistanda Prezident Qurbanqulu Berdıməhəmmədovun iştirakı ilə Xəzər dənizinin ən böyük limanı istifadəyə verilib.
"Report"un xarici mətbuata istinadən verdiyi məlumatına görə, açılış mərasimində dövlət başçısı bildirib ki, yeni liman Qara dənizə, Avropaya, Yaxın Şərqə, Cənubi Asiya və Asiya-Sakit Okean bölgəsinə çıxış üçün ən əlverişli şərait yaradan müasir dəniz nəqliyyatı sistemi qismində çıxış edir.
"Liman Xəzərin bütün regionları üçün böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkmənistanın tranzit əlaqələri baxımından mühüm bir mərkəzdir", - o bildirib.
Layihənin dəyəri 1,5 mlrd. ABŞ dollarıdır və Türkiyənin "GAP İnşaat" şirkəti onu 5 ilə reallaşdırıb. Liman bərə, sərnişin və yük daşımalarını özündə cəmləyib. Bundan əlavə, limanda gəmiqayırma və gəmi təmiri zavodları yerləşir, 17 gəmiyə eyni vaxtda xidmət göstərmək mümkündür. Ərazinin ümumi uzunluğu 1 800 metrdən çoxdur.
Yeni limanın yük aşırma gücünün neft məhsulları istisna olmaqla 17 mln. tondan çox olduğu deyilir.