Türkiyədə mənzil satışı artıb

Türkiyədə mənzil satışı artıb Türkiyədə əcnəbilər arasında daha çox mənzil alan İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya və İngiltərə vətəndaşlarıdır
İnfrastruktur
22 Sentyabr , 2015 18:38
Türkiyədə mənzil satışı artıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Türkiyədə 112 463 fərdi mənzil satılıb. “Report” xarici mediaya istinadən bildirir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) avqust ayı üzrə mənzil satışı statistikasını açıqlayıb. Məlumatda bildirilir ki, keçən ay satılan mənzil sayı əvvəlki aya nisbətən 16,4%, ötən ilin avqustu ilə müqayisədə isə 6,5% artıb.

Hesabat ayında İstanbul şəhəri 18 873 mənzil satışı ilə ən yüksək paya (16,8%) sahib olub. Sonrakı yerlərdə Ankara (13 139 və ya 11,7%) və İzmir (6 490 mənzil və ya 5,8%) qərarlaşıb. Ən aşağı göstəricilər isə Ərdəhan (13 mənzil), Hakkari (24 mənzil), Bayburtda (57 mənzil) qeydə alınıb.

İpoteka ilə mənzil satışı avqustda keçən ilin eyni dövrünə nisbətən 1,9% artaraq 36 021-ə çatıb. Ümumi mənzil satışı içində ipoteka satışının payı 32% olub. İstanbulda ipoteka satışı 7 593 mənzil (21,1%) olub.

Xaricilərə mənzil satışı avqustda keçən ilin eyni ayına müqayisədə 15,2% artaraq 2 044 olub. Bu sahədə ilk sırada İstanbul (602 mənzil) qərarlaşıb. Sonrakı yerləri Antalya (518 mənzil), Bursa (177 mənzil), Yalova (147 mənzil), Sakarya (110 mənzil), Trabzon (108 mənzil) bölüşür.

İraq vətəndaşları keçən ay 401 mənzil alaraq avqustda Türkiyədə ən çox mənzil alan xarici vətəndaşlar olublar. Sonrakı sıralarda Səudiyyə Ərəbistanı (271 mənzil), Küveyt (226 mənzil), Rusiya (155 mənzil), İngiltərə (155 mənzil) vətəndaşları qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi