Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolu, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarının yenidən qurulması işləri aparılır.
“Report” bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Yolun 18 km uzunluğa malik Əsrik-Cırdaxan-Kirən-Baqqallı hissəsində yolun eni ərazilərdən asılı olaraq 4-6 metr arası dəyişir. Hazırda sözügedən hissə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV və V texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq, torpaq yatağının normativ eninin alınması üçün genişləndirilir, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılır və kipləşdirilir, yeni yol yatağı inşa olunur. Bu işlər 60 min kub.m-dən çox həcmdə icra olunur.
Bundan başqa, suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yol boyu avtoqreyderlə 26 min p.metr küvetlərin açılması və müxtəlif diametrdə 21 ədəd 228 p.metr uzunluğunda suötrücü dəmir-beton boruların quraşdırılması və izolasiyası, boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılır.
Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi işləri aparılacaq. Yol əsasının alt layının tikintisi 20 sm hündürlükdə qum-çınqıl,üst layının tikintisi isə 16 sm hündürlükdə optimal qırmadaş qarışığı ilə aparılacaq. Yol əsasının tikintisi 182 min kv.m sahəni əhatə edəcək.
Bunun ardınca isə yolun asfaltlanması işlərinə start veriləcək. Əlaqələndirici bitum səpilməklə 100 min kv.metrdən çox sahəyə 12 sm qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənəcək.
Anoloji işlər Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarında da aparılır. Burda yolların ümumi uzunluğu 15 km təşkil edir. Sözügedən yolların dağlıq ərazidən keçən hissələrində eni 3-4, digər hissələrində 4-5 metr arası dəyişir.
Yolun yararsız qruntunun qazılıb kənarlaşdırılması və yolun V texniki dərəcəyə uyğun yenidən qurulması üçün torpaq yatağı 2-4 metr genişləndirilir. Bunun üçün dağlıq ərazilərdə yolun normativ eninin alınması üçün yamacların və qaya tipli suxurların xüsusi texnika ilə kəsilməsi işləri də aparılır. Ümumilikdə bu işlərin həcmi 53 min kub.m təşkil edir.
Tikinti norma və standartlarına uyğun olaraq yol yatağının və yol əsasının sel suları nəticəsində yuyulmasının qarşısını almaq məqsədilə 18.5 min p.metr uzunluğunda küvetlərin açılması, 10 yerdə müxtəlif diametrli və 100 p.metr uzunluğunda dəmir-beton suötürcü boruların quraşdırılması işləri aparılır.
Tikinti layihəsinə uyğun olaraq, düşərgə və Hacıhəsənli kəndinə giriş yolunun asfalt-beton örtüklü, Yanıqlı, Sofular və Saladinli kəndlərinin giriş yollarının isə çınqıl örtüklü olması nəzərdə tutulub. Bunun üçün yollar boyu 110 min kv.metrdən çox sahədə 2 laydan ibarət və 28 sm hündürlüyündə yol əsasının tikintisi nəzərdə tutulub.
Bunun ardınca düşərgə və Hacıhəsənli kəndinin giriş yolunun 12 min kv.metrdən çox sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.Yanıqlı , Sofular və Saladinli kəndlərinə giriş yollarının 60 min kv.metrdən çox sahəsində isə yol geyiminin 12 sm qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə tikintisi aparılacaq.
Tikinti işlərinin sonuncu mərhələsində layihə boyu 176 ədəd yol nişanı və məlumatverici lövhə, km göstəricisi 1715 ədəd siqnal dirəyi quraşdırılacaq. Yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq.