TAP-ın inşası zamanı çıxarılan zeytun ağacları əvvəlki yerlərinə qaytarılır

TAP-ın inşası zamanı çıxarılan zeytun ağacları əvvəlki yerlərinə qaytarılır Bu zeytun ağacları 3 il yarımdan sonra özünün əvvəlki yerlərinə qaytarılıb
İnfrastruktur
9 Fevral , 2021 11:45
TAP-ın inşası zamanı çıxarılan zeytun ağacları əvvəlki yerlərinə qaytarılır

Azərbaycan təbii qazını Avropaya daşıyacaq Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası zamanı İtaliyada müvəqqəti çıxarılaraq başqa yerlərə köçürülən zeytun ağacları əvvəlki yerlərinə əkilməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə TAP-ın rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Bildirilir ki, TAP boru kəmərinin inşası zamanı İtaliyada müvəqqəti çıxarılaraq başqa yerlərə köçürülən 828 zeytun ağacı tikinti başa çatdıqdan sonra əvvəlki yerlərinə əkilməyə başlayıb.

Məlumata görə, bu zeytun ağacları 3 il yarımdan sonra özünün əvvəlki yerlərinə qaytarılıb.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi