Azərbaycan ordusu 30 il işğal altında qalmış torpaqlarımızı azad edəndən sonra həmin ərazilərin geniş təhlili aparılıb və ölkəmizin Qarabağda 3 böyük faciə ilə üz-üzə qaldığını müəyyən edilib.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin jurnalına müsahibəsində bildirib.
"Bunlar şəhər və kəndlərimizin məhv edilməsi, mədəniyyət abidələrinin məhv edilməsi və ekosid - təbiətin və ekologiyanın məhv edilməsidir, hər üçü hazırda dünyanın ən böyük fəlakətləri hesab olunur. 2021-ci ildə Azərbaycan dövləti bu faciələrin aradan qaldırılması üçün genişmiqyaslı layihələrin həyata keçirilməsinə start verdi və qısa müddət ərzində xeyli işlərin görülməsinə nail olundu. Ərazilərin minalardan təmizlənməsi, bərpa və yenidənqurma prosesinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün lazımi şəraitin yaradılması istiqamətində miqyaslı işlər davam etməkdədir. Qısa müddət ərzində Şuşada mədəniyyət abidələrinin bərpası, Füzuli Beynəlxalq Hava Limanının, yol infrastrukturunun işə düşməsi qurucu niyyətimizin, iradəmizin və gücümüzün yenidən bütün dünyaya nümayişi oldu. Cari ildə əksər ölkələr tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar geniş vaksinasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin çevik şəkildə idarə olunması, fiskal dəstək paketlərinin davam etdirilməsi, dünya bazarlarında tələbin bir qədər genişlənməsi ilə əmtəə qiymətlərinin artması dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq bərpa dövrünə keçməsinə imkan yaradıb”, - deyə o, qeyd edib.
T.Mirkişilinin sözlərinə görə, 2020-ci ildə 3%-dən çox azalan qlobal ÜDM-in 2021-ci ilin yekununda 5,9% artacağı proqnozlaşdırılır: "Bununla belə, yeni infeksiya dalğalarının mövcudluğu, vaksinlərin əldə olunmasına qeyri-bərabər çıxış, qlobal təhcizat zəncirində qırılma və gecikmələr, yüksələn borc və inflyasiya göstəriciləri iqtisadi inkişafın qarşısında əsas təhlükələr kimi qalmaqdadır. Dünyanın aparıcı maliyyə təşkilatlarının proqnozlarına əsasən müxtəlif ölkələr üzrə bərpa prosesinin sürəti peyvəndləmə səviyyəsindən, səhiyyə sisteminin durumundan, iqtisadiyyatın strukturundan, diversifikasiya səviyyəsindən, fiskal dəstək tədbirlərinin səmərəlilik dərəcəsindən asılı olacaq. Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən birgə təsdiq olunan plana əsasən pandemiya ilə efektiv mübarizənin davam etdirilməsi üçün hər bir ölkə üzrə əhalinin 2021-ci ilin sonunadək minimum 40%-i tam vaksinasiya olunmalıdır. (Azərbaycan üzrə bu göstərici artıq 44%-dən çoxdur). Təhlillərə görə, pandemiya dövründə dünya ölkələrində səhiyyə və təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, investisiyaların rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyata yönəldilməsi, inklüziv cəmiyyətin və iqtisadiyyatın təkmilləşdirilməsi mühüm roy oynayacaq".