Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun sürüşmə nəticəsində dağılmış hissələrində bərpa işlərinə başlayıb.
Bunu "Report"a qurumun mətbuat xidmətinin Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, işlər yaxın günlərdə yekunlaşacaq: "Elə də böyük ərazi deyil".
Bundan başqa, A.Nəcəfli qeyd edib ki, Bakının Heydər Əliyev prospektində aparılan təmir işləri yekunlaşmaq üzrədir: "Böyük Şor Yol qovşağından Koroğlu qovşağına qədər olan hissədə işlər demək olar yekunlaşır. Orada işlər bu gün və yaxud sabah yekunlaşdıqdan sonra Heydər Əliyev prospektinin digər istiqaməti üzrə təmir işlərinə başlanacaq".
O, həmçinin keçidlərin tikilməsi ilə bağlı danışıb: "Keçidlərin tikintisi ilə bağlı layihələr artıq hazırdır. Maliyyə vəsaiti ayırılan kimi işə başlanılacaq".
Xatırladaq ki, Heydər Əliyev proespektində 23-cü polis bölməsi istiqamatində keçid inşa ediləcək. Həmçinin, Yusif Səfərov küçəsində də problemlər yaşanır, yerüstü piyada keçidinin inşası nəzərdə tutulur. Mərdəkan-Buzovna yolunda da keçidin inşası planlaşdırılır.