Sumqayıt-Yalama dəmir yolunun bir sahəsi yenidənqurmadan sonra istifadəyə verilib

Sumqayıt-Yalama dəmir yolunun bir sahəsi yenidənqurmadan sonra istifadəyə verilib Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunun daha bir sahəsi yenidənqurmadan sonra istifadəyə verilib.
İnfrastruktur
9 Mart , 2022 13:09
Sumqayıt-Yalama dəmir yolunun bir sahəsi yenidənqurmadan sonra istifadəyə verilib

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunun daha bir sahəsi yenidənqurmadan sonra istifadəyə verilib.

"Report" "Azərbaycan Dəmir Yolları"QSC-yə istinadən xəbər verir ki, 2022-ci ilin fevral ayında Sumqayıt-Sitalçay istiqamətində yolun yenidən qurulan hissəsində qatarların hərəkətinə başlanılıb.

İkixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər mürəkkəb texniki uzlaşdırma şəraitində aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir. 31,4 km-lik Sumqayıt-Sitalçay sahəsində yeni inşa edilən xəttin istifadəyə verilməsindən sonra ikinci xəttin də yenidən qurulmasına start verilib.

Bu sahə Sumqayıt-Yalama dəmir yolunun istifadəyə verilən sayca ikinci hissəsidir. Ötən ilin dekabrında Şabran-Çarxı istiqamətində layihə çərçivəsində ilk 23 km dəmir yolu xətti yenidən qurularaq hərəkətə açılıb.

Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur. Abşeron yarımadasını respublikanın Şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, ümumi sayı 162 olmaqla yoldəyişənlərin uzunluğu 7,5 km təşkil edir.

Bu günədək yolun 65 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb, onun 54,4 kilometri ilkin hərəkətə açılıb. Ümumilikdə isə yenidənqurma işlərinin 25,62 %-i artıq tamamlanıb. Belə ki, 107 km-lik hissədə mövcud relslərin söküntüsü, 99 km-lik hissədə torpaq yatağının tikilməsi və mühafizəsi, 80 km-lik hissədə kommunikasiyaların köçürülməsi, 98 km-lik hissədə alt-ballast və ballast materialının qazıntısı və 95 km-lik hissədə alt-ballast materialının sərilməsi, 70,8 km-lik hissədə birinci lay ballastın sərilməsi və 65 km-lik hissədə ikinci lay ballastın sərilməsi işləri tamamlanıb. Həmçinin 46 körpü, 81 dairəvi suötürücü boru və 7 ədəd heyvan keçidi inşa edilib.

Hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilir. Yol boyu 13 ədəd yerüstü piyada keçidinin və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi planlaşdırılır. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda inşa ediləcək bəzi yerüstü piyada keçidləri fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunacaq.

Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulması layihəsi “Dəmir yolları sektorunun inkişafı proqramı” çərçivəsində Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankı, həmçinin Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyi arasında imzalanan müqavilələrə uyğun olaraq birgə maliyyələşdirmə əsasında həyata keçirilir. Yenidənqurma işlərinə 2020-ci il 18 fevral tarixində start verilib.

Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərində qənaət, ətraf mühitə təsirin azaldılması, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək. Yolda keyfiyyətli və sürətli yük daşımalarının həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi