“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində işlər sürətləndirilir

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində işlər sürətləndirilir Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
7 Dekabr , 2015 18:31
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan hissəsində işlər sürətləndirilir

Bakı. 7 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının nəqliyyat sektorunda son illər bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatması Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təsisçi ölkələri (Rusiya, İran, Hindistan) arasında ticarət əlaqələrinin geniş potensiala malik olması, bu dəhlizin iştirakçısı qismində Azərbaycan Respublikasının əlverişli tranzit imkanlarından geniş istifadəni, habelə, Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir.

Sərəncamla Xarici İşlər Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsinə dair Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq barədə çərçivə sazişinin və Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi və onun maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası ilə İran İslam Respublikasının müvafiq qurumları arasında müqavilənin layihələrini razılaşdıraraq Prezidentə təqdim etmək tapşırılıb. 

Həmçinin Astara (Azərbaycan Respublikası) dəmir yolu stansiyasından Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin, habelə bu sərəncamda göstərilən müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi işlərinin layihələndirilməsi və həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilib.

Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti bu sərəncamda göstərilən dəmir yolu körpüsü ilə əlaqədar gömrük və sərhəd infrastrukturunun yaradılmasını təmin etməlidirlər.

Nazirlər Kabinetinə bu sərəncamda göstərilən infrastruktur layihələri ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması məqsədilə zəruri tədbirlər görmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə bu sərəncamda göstərilən tədbirlərin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi