Xaçmaz şəhərinin mərkəzi küçələrinin baxımsızlıq ucbatından yararsız vəziyyətə düşdüyü bildirilir.
Bu barədə “Report”un Şimal bürosuna müraciət edən Xaçmaz şəhər sakinləri bildiriblər ki, mərkəz hissəyə yaxın küçələrdə asfalt örtüyünün dağılması səbəbindən yaranan çala-çuxurlar yollarda həm piyadaların, həm də avtomobillərin hərəkətini xeyli çətinləşdirib.
Sakinlərin sözlərinə görə, Xaçmaz şəhərinin “Vağzal”, Atatürk, Əliağa Şıxliniski, Elçin Tahirov, Engels, 20 Yanvar, H.Z.Tağıyev və N.Nərimanov küçələrində vəziyyət daha acınacaqlıdır.
Şikayətçilər bildiriblər ki, zəruri təmir işləri həyata keçirilmədiyi üçün küçələrdə çökmələrin sayı artır, asfalt örtüyündə yeni iri çuxurlar əmələ gəlir. Yağışlı havada isə gölməçəyə çevrilən o küçələrdən keçmək mümkün olmur.
Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov qeyd olunan məsələ haqda "Report"un yerli bürosuna bildirib ki, şəhərin mərkəzi küçələrindəki mövcud problemdən xəbərdardırlar. O bildirib ki, şəhər ərazisində daxili yolların təmir olunması üçün müvafiq müraciət hazırlanıb. Lakin işlərin başlanması üçün vəsaitə ehtiyac var:
“Regionların inkişafı sahəsində uğurla həyata keçirilən dövlət proqramlarında kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi məqsədi ilə görülən işlər Xaçmaz rayonunda da öz töhfəsini verməkdədir. Sözügedən küçələrin asfalt örtüyünün yenilənməsi üçün lazımı tədbirlər görülüb. Vəsait ayrılan kimi işlərin icrasına başlanacaq”.