​Şabran rayonunun Qalaaltı kəndinə yeni yol çəkilir

​Şabran rayonunun Qalaaltı kəndinə yeni yol çəkilir Yolun uzunluğu 14,4 kilometrdir
İnfrastruktur
23 May , 2016 09:22
​Şabran rayonunun Qalaaltı kəndinə yeni yol çəkilir

Bakı. 23 may. REPORT.AZ/ “Azəravtoyol” ASC Şabran rayonunun Qalaaltı kəndi istiqamətində yeni yol çəkir. “Azəravtoyol”un Mətbuat Katibliyindən “Report”a verilən xəbərə görə, yeni yol Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 115-ci km-dən Qalaaltı kəndinə doğru salınır.

Uzunluğu 14,4 km olan yol 2-4 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol yatağının eni 15, 20,5 və 23 metr, hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 metr və 3,5 metr olacaq.

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 115-ci km-Qalaaltı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində 4 ədəd yol ötürücüsünün tikintisi nəzərdə tutulub. Bu, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 115-ci km-dəki yol qovşağı, mövcud su kəməri üzərində yol ötürücüsü, yolun 6,9 km-də mövcud Şimal ixrac neft boru kəməri üzərindəki yol ötürücüsü və 11,2 km-də Siyəzən-Qalaaltı avtomobil yolunun üzərindəki yol qovşağıdır.

Bundan başqa, 2 ədəd 4 x 2,5 m və 2x2 m-lik düzbucaqlı dəmir-beton su keçidləri, həmçinin 9 ədədd 1,25 m dairəvi dəmir-beton suötürücü borularının tikintisi nəzərdə tutulub.

Layihə çərçivəsində düzləndirici lay karxana çınqıl qarışıqlı 26 sm, əsasın alt layı 24 sm, əsas fraksiyalı qırmadaş layı 12 sm, əsasın üst qara qırmadaş layı 10 sm olmaqla yol geyiminin əsası 72 sm təşkil edəcək. Ümumilikdə isə yol geyiminin qalınlığı 92 sm olacaq.

Hazırda yolun 1-4 km-lik hissəsində torpaq yatağı tikilir. M-1 Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 115-ci km-də yol qovşağı və yolun başlanğıcında yerləşən mövcud su kəməri üzərində yol ötürücüsündə tikinti işləri 70-75% icra olunaraq yekunlaşdırılıb. Yolun 6,9-cu km-də yerləşən mövcud neft kəməri üzərindəki yol ötürücüsündə isə svayların beton işləri görülür.

Son xəbərlər

Orphus sistemi