Saatlı rayonunun kənd və qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılıb

Saatlı rayonunun kənd və qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılıb "Azərsu" ASC Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq, daxili imkanları hesabına Saatlı rayonunun Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin içməli su təc
İnfrastruktur
122
22 Oktyabr , 2021 16:24
Saatlı rayonunun kənd və qəsəbəsinin içməli su təchizatı yaxşılaşdırılıb

"Azərsu" ASC Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq, daxili imkanları hesabına Saatlı rayonunun Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin içməli su təchizatını yaxşılaşdırıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, yeni su təchizatı sistemlərinin istismara verilməsi mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonda həyata keçirilən sosial infrastruktur layihələrindən danışıb. O, qeyd edib ki, uzun illər içməli su qıtlığından əziyyət çəkən Nərimanov kəndinə və məcburi köçkün qəsəbəsinə keyfiyyətli suyun verilməsi sakinlərin sosial-məişət şəraitinin yaxşılaşmasına səbəb olacaq.

“Azərsu”yun sədr müavini İlqar Tağıyev kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqqsədilə dövlət investisiyaları və daxili imkanlar hesabına həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. O, bildirib ki, Kür sutəmizləyici qurğularından Saatlı şəhərinə magistral su kəmərinin çəkilməsi və şəhərdə su infrastrukturunun yenilənməsi bəzi ətraf kəndlərin də su təchizatına imkanlar yaradıb.

Nərimanov kənd sakinləri uzun illər Araz çayından ayrılan suvarma kanallarının və arxların suyundan istifadə ediblər. Məcburi köçkün qəsəbəsində mərkəzləşmiş şəbəkə mövcud olsa da içməli su Araz çayından götürülüb duruldularaq verilirdi. Ötən ilin sonlarında icrasına başlanmış layihəyə əsasən, yaşayış məntəqələrinin içməli su təchizatı Kür Sutəmizləyici Qurğuları-Sabirabad-Saatlı qrup su kəməri hesabına aparılacaq. Bu məqsədlə Saatlı şəhərindəki mərkəzi su anbarından Nərimanov kəndinə qədər 5 km uzunluğunda magistral su kəməri çəkilib. Nərimanov kəndində 5,5 km uzunluğunda paylayıcı şəbəkə və əhalinin ümumi istifadəsi üçün 17 bulaq inşa olunub.

Yeni çəkilmiş magistral kəmərdən məcburi köçkün qəsəbəsinə də çıxış verilib və 1 km uzunluğunda birləşdirici kəmər çəkilərək mövcud şəbəkəyə qoşulub. Layihənin icrası nəticəsində 3 minədək sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunub.

Gələcəkdə yeni yaradılmış infrastrukturdan Dəlilər və Musalı kəndlərindəki modul sutəmizləyici qurğuların çıxış xətlərinə birləşmə veriləcək.

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin sərəncamına uyğun olaraq 2017-ci ildə Saatlı rayonunun Mollavəzli, Bəylər, Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar və Gomuşçu kəndlərində içməli su layihələri icra olunub və 10 min nəfərdən çox sakinin su təchizatı yaxşılaşdırılıb.

Hazırda Kür Sutəmizləyici Qurğuları-Sabirabad-Saatlı qrup su kəmərindən Saatlı və Sabirabad şəhərləri ilə yanaşı, magistral xəttin marşrutu boyunca yerləşən 30-dək kəndə su verilir.

Son xəbərlər

Orphus sistemi