Bakı Limanının Xəzərdə rəqibinə çevriləcək layihə sual altındadır

Bakı Limanının Xəzərdə rəqibinə çevriləcək layihə sual altındadır Çin, hazırda perspektivli Lagan limanına investisiya qoymaqdan və tamamlanmasını gözləməkdənsə, Azərbaycanda mövcud infrastrukturdan istifadə etməyi əlverişli hesab edir
İnfrastruktur
22 Oktyabr , 2020 15:20
Bakı Limanının Xəzərdə rəqibinə çevriləcək layihə sual altındadır

Rusiya hökuməti federal nəqliyyat, dəmir yolu, informasiya və kommunikasiya infrastrukturunun inkişaf planına əsasən Kalmıkiya Muxtar Respublikasının Lagan (Port Lagan) şəhərində yeni liman inşa edəcək.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, “Port Lagan” limanın inşası ideyası 2007-ci ildən bəri müzakirə olunur, 2019-cu ilin iyun ayında limanın inşası barədə niyyət məktubu təsdiqlənib. Yeni limanın ümumi proqnozlaşdırılan yükləmə gücü 12,5 milyon ton olacaq ki, bu da Rusiyanın Xəzər dənizində yerləşən digər 3 limanının - Həştərxan, Mahaçqala və Olyanın ümumi tutumundan 5 milyon ton çoxdur.

Yeni limandan Rusiyaya Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) vasitəsilə İran, Hindistan və Çin ilə ticarətini artırmağa imkan verəcək. Bəzi İran və Çin şirkətləri layihəyə investisiya qoymaqda maraqlıdır.

Hazırda Rusiyanın Xəzərdəki əsas limanı Həştərxan limanının böyük gəmilərlə işləməyə imkan vermədiyi, Volqa çayının ağzının davamlı olaraq lilləndiyi üçün beynəlxalq standartlara cavab vermədiyi bildirilirdi.

Qeyd edək ki, son illərdə Xəzər dənizindəki Rusiya limanlarının ümumi trafik səviyyəsinin azalması, hökuməti bölgədə rəqabət qabiliyyətini qorumaq üçün yeni liman layihələri üzərində işləməyə təşviq edir. Rusiyanın Xəzər limanları üçün digər problem isə qışda donmasıdır, Laqan Limanı tikilsə, yeganə buzsuz limanı olmaqla bu maneəni aradan qaldıracaq və bütün il boyu yüklərin qəbul edilməsinə imkan verəcək.

Rusiya Xəzərdə yeni liman layihələri üzərində işləyən tək ölkə deyil. 2017-ci ildə İran, bu daxili su hövzəsinin cənub sahilində yerləşən Əmirabad limanının tutumunu artırmaq və daxili dəmir yolu şəbəkəsinə qoşmaq məqsədi inkişaf layihələrinə başladı.

Bundan başqa, Türkmənistan 2018-ci ildə Türkmənbaşı Dəniz Limanını açdı, inşası üçün isə təxminən 1,5 milyard ABŞ dolları investisiya qoyub, Qazaxıstan isə həmin il Kurık limanının açılışını edib ki, bu da, onun tranzit gəlirlərini illik 5 milyard ABŞ dollarınadək artıracaq.

Ancaq Xəzər hövzəsindəki ən böyük liman layihəsi Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır (Port Baku). Açılışı 2018-ci ildə reallaşan “Port Baku” tikintisi tam başa çatdıqdan sonra 25 milyon ton ümumi yük emal etmək və eyni vaxtda 11 gəmi qəbul etmək gücünə sahib olacaq. Hazırda Bakı Limanı 100 min fut ekvivalentində konteyner də daxil olmaqla 15 milyon ton ümumi yük emal gücünə malikdir.

Xatırladaq ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın əsas dəmir yolu və magistral şəbəkələrinin birləşdiyi Bakı şəhərindən 70 kilometr cənubda Ələt qəsəbəsində yerləşir. Bu limandan istifadə edərək Asiyadan gələn yüklər birbaşa Bakı-Tbilisi-Qars (BTQ) dəmir yoluna qoşula və bir həftədən az müddətdə Avropaya çata bilər.

Coğrafi üstünlükləri sayəsində liman Xəzər hövzəsindəki ən böyük nəqliyyat və logistika mərkəzinə çevrilir və şimal-cənub və şərq istiqamətində tam əməliyyatları təmin edərək Xəzəryanı dövlətlər arasında əməkdaşlığı genişləndirir.

Bütün Xəzəryanı ölkələrin bu cür nəqliyyat limanlarını yaratmaq və inkişaf etdirmək səyləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TCİTR) və INSTC kimi beynəlxalq tranzit layihələrinin artan əhəmiyyətini göstərir.

Xəzəryanı ölkələr nəqliyyat infrastrukturunu inkişaf etdirərək enerji istehlak edən iki əsas bazar olan Avropa və Asiya arasında yüklərin tranzitində əsas vasitəçi olmağa çalışırlar. Hər birinin bölgədəki əsas nəqliyyat mərkəzinə çevrilmək istəyi Xəzər dənizində də rəqabət mühiti yaradır.

Lakin dəmir yolları, magistral yollar və liman infrastrukturunu əvvəlcədən quran Azərbaycan Xəzəryanı dövlətlər arasında bu rəqabətdə üstündür. Bakı Limanı və BTQ vasitəsi ilə Çindən gələn yüklər 12 gün ərzində Avropaya çatmasını təmin edən şərq-qərb istiqamətində ən qısa marşrut hesab olunur. Həmçinin şimal-cənub istiqamətində Rəşt-Astara Dəmir Yolu layihəsi reallaşdırılması üzrə Azərbaycan İranla sıx əməkdaşlıq edir.

Bundan başqa, Bakı Limanının əsas rəqibinə çevrilə biləcək Laqan Limanının gələcəyi sual altındadır, çünki inşası böyük maliyyə xərcləri tələb edir və çox vaxt aparacaq. Hazırda Rusiya və İran, bu limanın inşasına olan yüksək marağına baxmayaraq, Lagan layihəsini başa çatdırmaq üçün kifayət qədər pul resurslarına sahib deyillər. Halbuki, başqa bir potensial maliyyə mənbəyi olan Çin, hazırda perspektivli Lagan limanına investisiya qoymaqdan və tamamlanmasını gözləməkdənsə, Azərbaycanda mövcud infrastrukturdan istifadə etməyi əlverişli hesab edir. Bütün bu səbəblərə görə, Bakı Limanı, bütün regional nəqliyyat layihələrini birləşdirmək baxımından Xəzər dənizində yaxın gələcəkdə ən sərfəli liman olaraq qalacaq və bununla da Azərbaycanın bölgənin ən əsas mövqeyini möhkəmləndirməsi üçün böyük potensialı var.

Son xəbərlər

Orphus sistemi