Bakı. 10 iyul. REPORT.AZ/ Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı şəkildə təmir olunur.
"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, yolun hərəkət hissəsində yaranmış dağılmış və qabarmış hissələr avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradırdı.
"Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun (M-1) 188-ci km-dən başlayan təmir işləri Qusar rayon mərkəzinə qədər olan 13,7 km-lik hissəni əhatə edir. Təmir-bərpa işləri zamanı yolun 10,7 km-lik hissəsi 6 m-dən 7 m-ə qədər, 3 km-lik hissəsi isə 5 m-dən 11 m-ə qədər genişləndirilib", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, aparılan işlər çərçivəsində yolun köhnə asfat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, genişləndirilmiş və zəruri olan digər hissələr xüsusi materail tökülərək kipləşdirmə işləri aparılır, hazır olan hissələr isə asfaltlanır. Hazırda yolun 3 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Bundan başqa zəruri olan yerlərdə yol kənarlarına səki daşları düzülür. Ümumilikdə, yola ikiqat olmaqla asfalt-beton örtüyünün döşənməsi və 6 min poqon metr səki daşının düzülməsi nəzərdə tutulub.
Təmir-tikinti işləri yekunlaşandan sonra yola 120 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.
Qeyd edək ki, 1967-1968 ci illərdə salınan Qusar-Xudat avtomobil yolunun əsaslı şəkildə təmir edilməsi yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq.