Bakı. 15 mart. REPORT.AZ/ "Ermənistan beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozur".
"Report" bildirir ki, bunu bu gün Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransda "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
"Erməni təcavüzü nəticəsində işğal zonasında qalan Sərsəng su anbarı baxımsız hala düşüb, onun ehtiyatlarından kortəbii və siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrə beynəlxalq təşkilatlarda məsələ qaldırıb və narahatlığını ifadə edib. Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli "Azərbaycanın sərhəd rayonlarının qəsdən sudan məhrum edilmiş sakinləri" adlı qətnaməsində Sərsəng su anbarının, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarətin təmin edilməsi, Ermənistan hakimiyyətindən su resurslarından “siyasi təsir və ya təzyiq aləti kimi” istifadəyə son qoyması kimi tələblər yer alıb", - deyə ASC sədri qeyd edib.
Q.Hüseynov vurğulayıb ki, bu gün ölkədə su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir: "Dövlət başçısı bu sahənin inkişafına xüsusi diqqət göstərir. Ölkəmizdə su təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerüstü və yeraltı su ehtiyatları yenidən qiymətləndirilir, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi proqramlarının hazırlanması, daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır. Əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq “Azərsu” tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycanda icra olunan su və kanalizasiya layihələrinin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı dünyanın aparıcı maliyyə qurumları yaxından iştirak edir. Dünya Su Şurası çərçivəsində yaradılan Smart Qrupun üzvü olan “Azərsu”da yeni idarəetmə modellərinin, innovativ texnologiyanın tətbiqi məqsədilə “İdeya Laborotoriyası” adlandırdığımız tam modernləşdirilmiş StartAP sahəsinin və smart siniflərin qurulması prosesi başa çatmaq üzrədir".
ASC sədrinin sözlərinə görə, "Aşağı axın” ölkələrindən olan Azərbaycanda əhalinin içməli suya tələbatı və kənd təsərrüfatının ehtiyacları daxili imkanlar hesabına tam ödənmir: "Şirin su ehtiyatlarının 70%-ə qədəri ölkə hüdudlarından kənarda formalaşır. Üstəlik həmin sular çirklənmiş şəkildə Azərbaycana daxil olduğundan canlı aləm üçün böyük təhlükə yaradır. Məlum olduğu kimi çay hövzələri hüdudunda yerləşən ölkələr arasında su ehtiyatlarının istifadəsi və qorunması, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində hamımıza məlum olan və tam həllini tapmayan bir sıra problemlər mövcuddur. Azərbaycan bu problemlərin beynəlxalq və ikitərəfli müstəvidə həll edilməsi istiqamətində səylər göstərir. Transsərhəd Samur çayı ilə əlaqədar Rusiyayla ikitərəfli müqavilə bağlanıb, Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının tikintisi və su ehtiyatlarından istifadə sahəsində İranla saziş imzalanıb. Eyni zamanda Kür çayının idarə olunması ilə əlaqədar Gürcüstanla ikitərəfli müqavilə üzərində iş aparılır".
Qeyd edək ki, Su Həftəsində 40-dək ölkədən Azərbaycana gələn dövlət və özəl qurumları, elmi mərkəzləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Elmi-praktiki konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.