Qazaxıstanın Azərbaycandakı səfirliyi və Ticarət Evi “TDK Logistics” qurumunu təsis edib.
“Report” səfirliyə istinadən xəbər verir ki, yeni qurumun təqdimat mərasimində hökumət rəsmiləri, iki ölkənin iş adamları iştirak ediblər.
Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin baş direktoru Rüfət Rzayev iki ölkə arasında ticarət dövriyyəsinin artması baxımından logistikanın təkmilləşdirilməsini öncül məsələlərdən biri kimi dəyərləndirib:
“Ərzaq məhsullarının, istehlak mallarının maya dəyərini hesablayarkən bu məsələ ilə üzləşdik. Və belə bir qənaətə gəldik ki, malların ümumi dəyərinin azalması, istehsal olunan məhsulların daha rəqabətcil olması, idxaldan asılılıqdan yaxa qurtarmamız baxımından Qazaxıstandan Azərbaycana və əks istiqamətdə yükdaşımalara çəkilən məsrəflər optimallaşdırılmalıdır. Bunun üçün iki ölkə arasında daşınan yüklərin monitorinqinə başladıq. Sahibkarlara tədarük cədvəlini tərtib edərkən boş reyslərin qarşısını almağı tövsiyə etdik. Beləliklə, logistika zəncirinin bütün iştirakçıları qazanc götürər, tədarük xərcləri azalar, malların maya və ümumi dəyəri azalmaqla istehlakçılar üçün daha əlçatan hala gələr”.
Bununla yanaşı, Zəngəzur dəhlizinin açılması ilə də iki ölkənin Xəzərdəki limanlarındakı infrastrukturunun imkanlarının daha dolğun istifadə olunacağı diqqətə çatdırılıb.