Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi Xarici İşlər Nazirliyinin yardımı ilə Avropa İttifaqı, Avrasiya İqtisadi Birliyi, MDB ölkələrinə, Ukrayna və Gürcüstana üçüncü ölkələrdən yüklərin ötürülmə yolu ilə daşınması zamanı icazə sisteminin tətbiqi qaydası və xarici daşıyıcıların buna əməl etməsi zərurəti ilə bağlı müvafiq müraciət göndərib.
“Report” xəbər verir ki, Aİ-nin Rusiya və Belarus avtomobil daşıyıcılarına qarşı sanksiyalar tətbiq etməsi ilə bu gün Avropa ölkələrindən Qazaxıstana yüklərin daşınmasının əsas hissəsi Belarus ilə sərhəd ərazilərdə yerləşən terminallarda yüklərin ötürülməsi hesabına həyata keçirilir.
“Beynəlxalq müqavilələr və Qazaxıstan Respublikasının daxili qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya əsasən, belə daşıma zamanı xarici daşıyıcının üzərində iki icazə forması olmalıdır. Birinci forma daşıyıcının malları sərhədyanı ərazilərdəki terminala qədər daşıdığı tərəfdən təqdim olunur. İkinci forma isə daşıyıcının terminaldan Qazaxıstana qədər malların ötürülməsini həyata keçirdiyi tərəfdən verilir.
Xarici daşıyıcıların üçüncü ölkələrdən Qazaxıstana daşınma üsulu ilə yüklərin daşınması şərtlərini sistematik şəkildə pozması ilə əlaqədar SİİN xarici dövlətlərin səlahiyyətli orqanlarına və təşkilatlarına müvafiq müraciət göndərib”, - məlumatda deyilir.