Kürdəmirdə sakinləri təngə gətirən bərbad yol niyə təmir olunmur?

Kürdəmirdə sakinləri təngə gətirən bərbad yol niyə təmir olunmur? Kürdəmirin Qarabucaq kənd yolu uzun illərdir bərbad vəziyyətə düşüb. Amma buna baxmayaraq, indiyədək bu yolun təmir olunması, bərpası ilə bağlı heç bir təşəbbüs irəli sürülməyib.
İnfrastruktur
6 Dekabr , 2022 11:30
Kürdəmirdə sakinləri təngə gətirən bərbad yol niyə təmir olunmur?

Kürdəmir rayonunun Qarabucaq kəndinin yolu uzun illərdir bərbad vəziyyətdədir. Amma buna baxmayaraq, indiyədək bu yolun təmir olunması, bərpası ilə bağlı heç bir təşəbbüs irəli sürülməyib.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, qışda palçıqdan, yayda isə tozdan bu yolda hərəkət etmək mümkün deyil. Ona görə də bu kəndə gələn bir daha yolunu buradan salmaq istəmir:

"Qarabucaq kənd yolu artıq istismar müddətini, demək olar ki, çoxdan başa vurub. Çınqıllı daşlarla salınmış bu kənd yolunun ötən əsrin 60-cı illərində salındığını nəzərə alsaq, üstünə də əsas yol olduğunu əlavə etsək, mövcud vəziyyətin nə qədər ağır olduğunu deyə bilərik. Çəkildiyi gündən indiyədək bir dəfə də olsun əsaslı təmir görməyən, asfalt örtüyü salınmayan bu yolun bir hissəsi bir neçə dəfə sakinlərin şəxsi vəsaiti hesabına çınqıllanıb. Amma bu tədbirlər də get-gedə dağılmaqda olan yolu salamat saxlamağa kifayət etməyib. Piyadalar yayda toz-torpaq, qışda palçıq əlindən təngə gəlib, sürücülər isə öz dilləri ilə desək, qazandıqlarını ustalara tökürlər".

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna bildirilib ki, sözügedən yolun asfaltlanması 2023-cü ilin planında nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə “Report”un yerli bürosuna deyib ki, Kürdəmirdə Qarabucaq kənd yolu da daxil olmaqla təmirə ehtiyacı olan digər kənd yollarının siyahısı tərtib olunub və aidiyyəti üzrə təqdim edilib.

Onun sözlərinə görə, həmin siyahı əsasında maliyyə vəsaiti ayrıldıqca kənd yollarının yenidən qurulması işləri həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi