​Prezident: "Azərbaycan hazırda dəyəri 45 mlrd. dollar olan “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur"

​Prezident: "Azərbaycan hazırda dəyəri 45 mlrd. dollar olan “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur" "Burada “Şahdəniz-2” qaz yatağının ikinci fazasının işlənməsi məsələsi öz həllini tapacaq"
İnfrastruktur
15 Sentyabr , 2015 23:32
​Prezident: Azərbaycan hazırda dəyəri 45 mlrd. dollar olan “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Azərbaycan hazırda “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur. Bu, nəhəng enerji layihəsidir. Bu layihənin ümumi dəyəri 45 milyard dollara bərabərdir".

"Report" xəbər verir ki, bunu sentyabrın 15-də Çexiya prezidenti Miloş Zemanın Bakıya səfəri çərçivəsində baş tutan sənədlərin imzalanması mərasimindən sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin çox ciddi siyasi sənəd olduğunu, ikitərəfli əlaqələrin səviyyəsini nümayiş etdirdiyini bildirən prezident sənəddə əlaqələrin müxtəlif aspektlərinin öz əksini tapdığını qeyd edib.

"Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Deyə bilərəm ki, bu gün biz həm heyətlər səviyyəsində, eyni zamanda, ikitərəfli formatda daha çox iqtisadi əməkdaşlığı müzakirə etmişik. Burada gözəl potensial var. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Eyni zamanda, Çex banklarının Azərbaycanda müvafiq layihələrinin icrasına böyük miqdarda vəsait ayrılır. Buna görə də minnətdarıq. Çünki bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin, ilk növbədə nəqliyyat sektorunda. Bu barədə də biz geniş fikir mübadiləsi apardıq və əlbəttə ki, biz əldə edilmiş nəticələri yüksək qiymətləndiririk. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. Əminəm ki, sabah keçiriləcək Çexiya-Azərbaycan biznes forumu ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşməsi üçün mühüm hadisə olacaq".

Dövlət başçısının sözlərinə görə, qarşılıqlı investisiyaların qoyuluşu məsələləri əhəmiyyət kəsb edir.

"Həm Çex Respublikası, həm Azərbaycan xarici sərmayə üçün çox məqbul ölkələrdir. Xarici sərmayələr yüksək səviyyədə qorunur. Çalışmalıyıq ki, bizim iş adamlarımız da bir-birini daha da yaxından tanısınlar və əməkdaşlıq dərinləşsin. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclası da keçirilib. Bu da çox önəmli formatdır. Beləliklə, əminəm ki, gələcək illərdə iqtisadi sahədə daha da uğurlu nəticələr olacaq. Bu gün artıq deyə bilərəm ki, ticarət dövriyyəsinin səviyyəsi müəyyən dərəcədə bizi qane edə bilər", - deyə İlham Əliyev qeyd edib.

O bildirib ki, energetika sektorunda əməkdaşlıq da əlbəttə ki, danışıqlar mövzusudur. Dövlət başçısı xatırladıb ki, Azərbaycan Çexiyaya xam neft ixrac edir, Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni – təxminən 30 faizi təşkil edir ki, bu da çox önəmli hadisədir.

"Azərbaycan hazırda “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur. Bu, nəhəng enerji layihəsidir. Bu layihənin ümumi dəyəri 45 milyard dollara bərabərdir. Burada “Şahdəniz-2” qaz yatağının ikinci fazasının işlənməsi məsələsi öz həllini tapacaq. Eyni zamanda, 3 yeni qaz kəməri çəkiləcək. Cənubi Qafqaz qaz kəməri - Azərbaycanı Gürcüstanla birləşdirən, TANAP - Türkiyə ərazisindən keçən və TAP - Türkiyə sərhədindən İtaliya sərhədlərinə qədər uzanan üçüncü qaz layihəsidir. “Şahdəniz-2” qaz yatağının işlənməsi ilə bərabər bu dörd nəhəng layihə “Cənub” qaz dəhlizini formalaşdırır və burada Azərbaycan öz liderlik funksiyalarını uğurla yerinə yetirir. Azərbaycan bütün bu layihələrdə investor kimi iştirak edir. Bəzi layihələrdə əsas investor kimi iştirak edir. Baxmayaraq ki, dünyada neftin qiyməti son aylar kəskin şəkildə aşağı düşüb, bu layihənin icrasında heç bir yubanma yoxdur, bütün işlər vaxtında görülür. Azərbaycan tam əmindir ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə öz həllini tapacaq və beləliklə, Avropaya Azərbaycandan yeni qaz kəmərinin tikintisi təmin ediləcək", - deyə prezident vurğulayıb.

İlham Əliyev qeyd edib ki, digər sahələrdə də əməkdaşlıq üçün yaxşı perspektivlər var:

"Mən xüsusilə humanitar sahəni qeyd etmək istəyirəm. Azərbaycanda Çexiya mədəniyyətinə, tarixinə çox böyük maraq var. Əminəm ki, cənab prezident, siz və sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinin üzvləri bu sahə ilə də tanış olacaqsınız".

Son xəbərlər

Orphus sistemi